Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən inkişaf layihələri çərçivəsində uğurla davam etdirilir.
NTV xəbər verir ki, bunu Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, TİKA 1990-cı illərin ilk yarısından Azərbaycanda fəaliyyət göstərir. Agentliyin gələn il 35 illiyi qeyd olunacaq.
Abdullah Erenin sözlərinə görə, TİKA 35 il ərzində Azərbaycanda 1700-dən çox layihəni həyata keçirib. Bu layihələr təhsil, səhiyyə, kənd təsərrüfatı və heyvandarlıq, eləcə də institusional potensialın inkişafı kimi müxtəlif sahələri əhatə edib.
TİKA rəhbəri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafının “Bir millət, iki dövlət” prinsipi əsasında davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində TİKA ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq protokolu da imzalanıb. Sənəd çərçivəsində üçüncü ölkələrdə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
