2026-2027-ci tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə təhsil tələbə kreditindən yararlanmaqla bağlı müraciət edilib.
Təhsil Tələbə Krediti Fondundan NTV-yə bildirilib ki, yeni tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Avqustun 28-dən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər.
Qeyd olunub ki, razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür. Təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fondun ofisində həftənin iş günləri saat 09:00-dan 18:00-dək yardım masası fəaliyyət göstərir.Yardım masası Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mallın 18-ci mərtəbəsində yerləşir. Müraciət edən şəxslərin sualları Fondun Çağrı Mərkəzi, “WhatsApp” və birbaşa əlaqə nömrələri vasitəsilə də cavablandırılır.
