Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli binaya Rusiyanın hücumu nəticəsində 11 nəfər həlak olub. Digər iki nəfərin taleyi hələ də məlum deyil.
NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, hücum yerində dağıntıların təmizlənməsi bütün gecə davam edib və daha yeddi qurbanın cəsədi tapılıb.
“Ümumilikdə, Rusiyanın təkcə bu hücumu nəticəsində 11 nəfər həlak olub. Bütün ailələrə və dostlara başsağlığı verirəm... İki nəfərin taleyi hələ də məlum deyil. Rusiya hücumlarının davam etməsi və “Şahed” raket tipli dronlarının təhlükəsi səbəbindən insanların xilas edilməsi və axtarışı dayandırılıb”, - deyə Prezident qeyd edib.
Zelenski əlavə edib ki, tibb işçiləri hazırda dünən Dımer şəhərindəki binanın dağıntıları altından xilas edilən David adlı oğlana lazımi yardım göstərirlər.
“Valideynləri onun yanındadırlar. Daha dörd yaralı da xəstəxanadadır. Onların arasında təxminən 22 saat dağıntılar altında qaldıqdan sonra gecə saatlarında xilas edilən bir qadın da var”, - deyə bəyanatda bildirilir.
Dövlət başçısı vurğulayıb ki, rusların Ukraynada yaşayış binalarını və infrastrukturu dağıtmaq üçün istifadə etdikləri həm ənənəvi, həm də raket tipli “Şahed” dronlarının istehsalı xarici komponentlərdən, xüsusən də Rusiyaya mühərrik və çip tədarükündən çox asılıdır.
Zelenski bildirib: “Dünya miqyasında sanksiyalar, sanksiya rejimlərinə riayət olunmasının monitorinqi və ixrac nəzarətinin həqiqətən gücləndirilməsi Rusiyanın silah istehsalını məhdudlaşdıra bilər”.
Xatırladaq ki, noyabrın 22-də Rusiyanın pilotsuz uçuş aparatı Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına hücum edib. Zərbə nəticəsində iki uşaq - 12 yaşlı qız və 7 yaşlı oğlan yaralanıb.
