“SOCAR Exploration” şirkətinin sifarişi ilə “Caspian Geophysical” şirkəti Xəzər dənizində Qoşadaş sahəsində yeni 3D OBN (Ocean Bottom Node, Dəniz Dibi Nodlar) seysmik məlumatların toplanması layihəsinə başlayıb.
NTV xəbər verir ki, bu barədə “Caspian Geophysical” MMC-nin baş icracı direktoru Kamran Zahid sosial media hesabında bildirib.
“Xəzər dənizində “Qoşadaş” strukturunda 3D OBN seysmik tədqiqat işlərinə başladığımızı məmnuniyyətlə bildiririk. Bu, son 12 ay ərzində “SOCAR Exploration” tərəfindən həyata keçirilən üçüncü seysmik məlumatların toplanması layihəsidir. Layihədən əvvəl xarici ölkələrdə iki uğurlu seysmik tədqiqat həyata keçirilib. Əldə olunacaq yeni seysmik məlumatlar perspektivli strukturların kompleks qiymətləndirilməsinə imkan yaradacaq və növbəti mərhələdə kəşfiyyat quyularının qazılmasının planlaşdırılmasına dəstək verəcək. Layihənin icrasına töhfə verən “SOCAR Exploration” və “Caspian Geo” komandalarına gərgin əməyə və peşəkarlığa görə təşəkkür edirik”, - deyə Kamran Zahid qeyd edib.
“Qoşadaş” Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron arxipelaqının şimal-qərbində yerləşən perspektivli neft-qaz strukturlarından biridir.
“SOCAR Exploration” SOCAR-ın ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi geoloji kəşfiyyat, qiymətləndirmə və resursların dəyərləndirilməsi fəaliyyətlərini idarə edir. Şirkət kəşfiyyat proqramının planlaşdırılması və icrasına, həmçinin SOCAR-ın kəşfiyyat aktivləri ilə bağlı biznesin inkişafı və kommersiya fəaliyyətinin idarə olunmasına cavabdehdir.
1995-ci ildə fəaliyyətə başlayan “Caspian Geophysical” Xəzər regionunda seysmik məlumatların toplanması xidmətləri üzrə aparıcı şirkətlərdən biri. Şirkət müxtəlif seysmik texnologiyalardan istifadə etməklə quruda və dənizdə həyata keçirilən genişmiqyaslı layihələr üzrə ixtisaslaşıb. “Caspian Geo” SOCAR və “BGP Offshore” şirkətlərinin birgə müəssisəsidir.
