Böyük Britaniyada sosial təminat sistemində nəzərdə tutulan islahatlar çərçivəsində 25 yaşadək gənclərin xəstəlik və əlilliklə bağlı əsas müavinətlərdən yararlanmaq hüququnun ləğv edilməsi təklif olunur.
NTV “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin keçmiş səhiyyə naziri Alan Milburnun hazırladığı sosial təminat sisteminin yenidən qurulmasına dair təkliflərdə bildirilir.
Təkliflərə əsasən, 25 yaşadək şəxslər hazırda mövcud olan iki əsas sosial ödənişdən- “Universal Credit” proqramının sağlamlıqla bağlı əlavə ödənişindən və “Personal Independence Payment” adlı fərdi müstəqillik müavinətindən yararlana bilməyəcəklər. Bunun əvəzinə həmin yaş qrupuna daxil olan şəxslərə alternativ maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Sosial Mobillik Fondunun sədri olan Alan Milburn son bir il ərzində təhsil almayan, işləməyən və peşə hazırlığı proqramlarında iştirak etməyən 18–24 yaşlı bir milyon gəncin vəziyyətini araşdırıb. Keçmiş nazir hesab edir ki, mövcud sosial təminat sisteminin yenidən qurulması gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdıra və onların iş tapmaq imkanlarını artıra bilər.
Alan Milburn islahatların sosial təminat sistemində köklü dəyişikliklərə səbəb olacağını bildirib. O, dəyişikliklərin həyata keçirilməsinin ağrısız olmayacağını və bəzi şəxslərin aldıqları maliyyə dəstəyinin azalacağını etiraf edib.
