Məşhur danimarkalı aktyor və BMT İnkişaf Proqramının xoşməramlı səfiri Nikolay Koster-Valdau beynəlxalq tərəfdaşları Ukraynaya maliyyə yardımını davam etdirməyə çağırıb və davam edən münaqişə fonunda qış mövsümündən əvvəl əhaliyə dəstək olmağın vacibliyini vurğulayıb.
NTV BMT-nin məlumatına istinadla xəbər verir ki, aktyor Ukraynaya birhəftəlik səfəri zamanı mülki infrastruktura hücumlara baxmayaraq, yaşayış şəraitini yenidən qurmağa davam edən yerli sakinlərlə görüşüb.
Koster-Valdaunun sözlərinə görə, qeyri-sabit elektrik təchizatı problemi Ukraynada xüsusilə kəskindir. O qeyd edib ki, Kiyevdə bir çox ailə gündə cəmi bir neçə saat elektrik enerjisi alır ki, bu da uşaqların təhsilinə, insanların iş prosesinə və ev təsərrüfatlarının istilik xərclərini ödəmək qabiliyyətinə birbaşa təsir göstərir.
Aktyor beynəlxalq dəstəyin artıq nəzərəçarpacaq nəticələr verdiyini vurğulayıb: ölkəyə lazımi enerji avadanlıqları çatdırılıb, lakin indi onun quraşdırılmasını və istismara verilməsini təmin etmək vacibdir.
BMT qeyd edir ki, 2025-ci ilə qədər enerji infrastrukturunun bərpası və təcili yardım tədbirləri sayəsində Ukraynanın 6,6 milyon sakini üçün fasiləsiz elektrik enerjisi, istilik və su təchizatını təmin etmək mümkün olub.
Təşkilat, həmçinin vacib infrastrukturun, ictimai xidmətlərin, yerli iqtisadiyyatın və dolanışıq vasitələrinin bərpasını, habelə partlayıcı maddələrlə çirklənmiş ərazilərin təmizlənməsini dəstəkləyir.
BMT-nin Ukraynadakı fəaliyyəti Norveç, Yaponiya, İsveç, Danimarka və Avropa İttifaqı da daxil olmaqla 20-dən çox donor tərəfindən dəstəklənir.
Koster-Valdau beynəlxalq yardımın icmaların bərpasına, insan həyatının qorunmasına və Ukraynada dinc gələcək üçün şəraitin yaradılmasına töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu ölkənin sabitliyi və rifahı təkcə onun vətəndaşları üçün deyil, həm də bütün Avropa üçün vacibdir.
