Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlarda iki nəfər həlak olub, on sakin yaralanıb.
NTV xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk Moskvadan Novozıbkova gedən avtobusa Klintsovski rayonunun Xalturino kəndi yaxınlığında hücum edildiyini bildirib. Bir qadın həlak olub, üç nəfər yaralanıb.
Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev Şebekinski rayonunda bir kişinin ölümü barədə məlumat verib. Belqorod, Rakityanski və Şebekinski rayonlarında bir uşaq da daxil olmaqla yeddi nəfər yaralanıb. Yaralılardan üçü xəstəxanada müalicə olunur.
Vilayət qubernatorunun sözlərinə görə, son 24 saat ərzində Belqorod vilayətinə 130-dan çox hücum cəhdi qeydə alınıb və 223 dron vurulub, habelə 17 artilleriya, raket sistemi hücumu, eləcə də 22 PUA-dan partlayıcı qurğu atılması qeydə alınıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, dünən gecə Rostov-na-Donu, Taqanroq və bölgənin doqquz rayonunda 80-dən çox dron məhv edilib və ya zərərsiz vəziyyətə gətirilib. Tələfat olmayıb.
Myasnikovski rayonunun Kalinin kəndində PUA-nın qalıqları transformator yarımstansiyasına zərər vurub və 172 fərdi ev elektrik enerjisiz qalıb.
Rostov-na-Donuda qalıqlar "Rostovpassajirtrans" şirkəti filialının ərazisinə düşüb. Texniki xidmət binasının damı, eləcə də 21 avtobus zədələnib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri dünən gecə, o cümlədən Moskva vilayəti üzərində 616 Ukrayna dronunu tutaraq məhv edib.
