Gündəlik atılan addımların sayını hesablamaq fiziki aktivliyimizi izləməyin sadə üsuludur. Bununla yanaşı, bu göstərici diqqəti cəmləmək və qərar qəbul etmək qabiliyyətimiz haqqında da müəyyən təsəvvür yarada bilər.
NTV xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar gündəlik fiziki fəallıqla təfəkkür fəaliyyəti arasındakı əlaqəni müəyyənləşdirmək məqsədilə ABŞ-də yaşayan 3093 yetkin insanın 14 il ərzində toplanmış fiziki fəallıq göstəricilərini və koqnitiv testlərin nəticələrini təhlil ediblər. Onlar, həmçinin iştirakçıların arterial qan təzyiqi göstəricilərini araşdırıblar.
Tədqiqatçılar ABŞ Milli Səhiyyə İnstitutlarının “All of Us” tədqiqat proqramı çərçivəsində “Fitbit” cihazlarından əldə edilmiş məlumatlardan və arterial qan təzyiqi göstəricilərindən istifadə ediblər. İştirakçıların yaşı 18-93 arasında dəyişib, orta yaş həddi isə təxminən 58 olub.
Əvvəlki bir çox tədqiqat insanların fiziki fəallıq səviyyəsi barədə özlərinin verdiyi məlumatlara əsaslanılıb. Lakin bu məlumatlar dəqiq olmaya bilər. Bədənə taxılan cihazlar isə tədqiqatçılara gündəlik fiziki fəallıq haqqında obyektiv məlumatlar əldə etməyə imkan verib.
Məlumatlar 2009-2023-cü illəri əhatə edən 14 illik dövr üzrə toplanıb.
2023-cü ilin sentyabrından başlayaraq iştirakçılar bir mərhələli koqnitiv testdən keçiblər. Dörd tapşırıq vasitəsilə diqqəti davamlı olaraq cəmləmək, diqqəti yayındıran məlumatları nəzərə almamaq, mükafatı dərhal və ya daha sonra əldə etməyə üstünlük vermək, eləcə də üz ifadəsinə əsasən emosiyaları tanımaq qabiliyyətləri qiymətləndirilib.
Fiziki fəallıq göstəricilərinə əsasən iştirakçılar üç qrupa bölünüblər. Bu qruplarda gündəlik orta addım sayı müvafiq olaraq 5108, 8875 və 14161 olub. Daha fəal olan iki qrup diqqət, diqqəti yayındıran amillərə nəzarət və mükafat seçimi ilə bağlı tapşırıqlarda ən az fəal qrupla müqayisədə daha yaxşı nəticələr göstərib.
Yaş, təhsil səviyyəsi, gəlir, ailə vəziyyəti və doğulduğu yer kimi amillər nəzərə alınmaqla aparılan qiymətləndirməyə əsasən, orta fiziki fəallıq səviyyəsinə malik qrupda diqqəti davamlı cəmləmək üzrə göstərici fiziki fəallığı ən aşağı olan qrupla müqayisədə 1,76 bal, fiziki fəallığı ən yüksək olan qrupda isə 2,17 bal çox olub. Bununla belə, koqnitiv göstəricilər arasındakı fərqlər cüzi olub.
Tədqiqatçılar ehtimal edirlər ki, qlükoza mübadiləsinin yaxşılaşması, iltihabın azalması və beynin dəyişikliklərə uyğunlaşma qabiliyyəti fiziki fəallıqla koqnitiv funksiyalar arasındakı əlaqəni izah edə bilər. Lakin bu tədqiqatda həmin mexanizmlər yoxlanılmayıb.
Müxtəlif fiziki fəallıq səviyyəsinə malik qruplar arasında üz ifadəsinə əsasən emosiyaları tanımaq qabiliyyəti baxımından əhəmiyyətli fərq aşkar edilməyib. Həmçinin fiziki fəallıq səviyyəsində zamanla baş verən dəyişikliklərlə koqnitiv göstəricilər arasında statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Addımların sayılması diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündəlik neçə addım atılmalı olduğunu da müəyyən etmir.
