Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası başa çatır.
NTV xəbər verir ki, Bolqarıstanın bTV telekanalının məlumatına görə, seçki kampaniyası oktyabrın 23-də gecə yarısı yekunlaşacaq. Oktyabrın 24-ü ölkədə sükut günü elan olunub və həmin gün seçkiqabağı təşviqat aparılması qadağan ediləcək.
Prezident seçkilərinin ilk turunda səsvermə oktyabrın 25-də yerli vaxtla saat 7:00-da başlayacaq və saat 20:00-dək davam edəcək. Zərurət yaranarsa, seçki məntəqələrinin fəaliyyəti saat 21:00-dək uzadıla bilər.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının yekun nəticələri oktyabrın 27-də açıqlaması nəzərdə tutulur. Namizədlərdən heç biri birinci turda tələb olunan səs çoxluğunu qazana bilməzsə, ikinci tur noyabrın 1-də keçiriləcək.
Seçkiqabağı rəy sorğularına əsasən, hazırkı Prezident İliyana Yotova əsas favoritlərdən biridir. “Market Links” şirkətinin oktyabrın 21-də açıqladığı sorğuda Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçevin tandemi 47,3 faiz, Andrey Gyurov və Georgi Kandevin tandemi isə 30,6 faiz dəstək qazanıb.
Bununla belə, analitiklər prezident seçkilərinin nəticəsinin ikinci turda müəyyənləşməsi ehtimalını istisna etmirlər.
Qeyd edək ki, Bolqarıstan prezidentinin səlahiyyət müddəti beş ildir. Dövlət başçısı ölkəni beynəlxalq münasibətlərdə təmsil edir və konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.
