İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar. NTV-nin məlumatına bu gün Şükürbəyli kəndi 15 ailə olmaqla 86 nəfərə, Horovlu kəndi isə 3 ailə olmaqla 12 nəfər qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.
Qeyd edək ki, hər iki kənd yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Horovlu kəndinin isə ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
11:41
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
NTV-nin məlumatına görə, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
