satellite   Azerspace-1: 11135 H 30000

Bu gün insan hüquqları günüdür

Bu gün insan hüquqları günüdür

"Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəkdən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!". 

İnsan hüquqları ideyasının tarixi kökü təxminən e.ə. VI-V əsrlərə gedib çıxır. Belə ki, hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlayıb. Həmin dövrün Roma və yunan mütəfəkkirləri adlandırılan filosofların bu istiqamətdəki fikirləri, səsləndirdikləri sözləri tam mənada müasir dövrün insan hüquqları anlayışları ilə eyniləşdirmək doğru deyil. Lakin onlar öz mahiyyəti etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri idi. Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar. Elə bunun məntiqi nəticəsi olaraq, 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası (Maqna Carta)" qəbul olundu ki, bu sənəd indi də öz əhəmiyyətini qoruyur. Bundan sonra İngiltərədə insan hüquqları uğrunda mübarizə daha da gücləndi və 1689-cu ildə Hüquqlar haqqında Bill qəbul olundu ki, bu da insan hüquqları sahəsində bəşəriyyətin daha bir nailiyyəti idi. Müasir dövrün insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların bazasını təşkil edən bu ideyaların daha da genişlənməsi, inkişafı özünü insan hüquqlarının inkişafı ilə bağlı çox vacib sayılan iki mühüm sənədin qəbulunda göstərdi. Bunun məntiqi nəticəsi olaraq 1776-cı ildə ABŞ-da qəbul olunmuş İstiqlaliyyət Bəyannaməsi və 1789-cu ildə Fransada qəbul olunmuş insan və vətəndaşların hüquqları haqqında bəyannamə qəbul olundu. 

Lakin 20-ci əsrin ortalarına kimi insan hüquqlarını hələ də bütün dünya ölkələri qəbul etmirdi. Bu yolda ilk addım BMT tərəfindən atıldı: 1948-ci ilin aprelin 10-da BMT-nin Baş Assambleyası Ümümdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdi. Bəyannamə preambula və 30 maddədən ibarət idi. Burada göstərilirdi ki, irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, əqidəsindən, siyasi mənsubiyyətindən, milli və sosial mənşəyindən, əmlak vəziyyətindən və digər hallardan asılı olmayaraq, bəyannamədə göstərilən hüquqlar bütün insanlara aiddir. 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Məhz dövlətçiliyimizin möhkəmləndirilməsi, sabitliyin yaranması cəmiyyətimizin gələcək inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş, demokratik dəyərlərə əsaslanan yeni hüquq sisteminin bərqərar olunması üçün real şərait yaratdı.

Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi, müdafiə olunması məhz ümummilli liderin adı ilə bağlıdır. 

Ulu Öndərin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbuludur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edərək onların  təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan edir.

Konstitusiyanın 24-cü maddəsinin II hissəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olması göstərilmiş, 26-cı maddənin II hissəsində bu hüquq və azadlıqların müdafiəsinin təminatçısı qismində dövlətin çıxış etdiyi qeyd edilmişdir. 

Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətimizin ali məqsədi kimi bəyan olunması, habelə Əsas Qanunun 158 maddəsindən 48-nin birbaşa insan hüquq və azadlıqlarına həsr olunması ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusiya ilə qorunduğunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə mühüm Fərman və Sərəncamlar imzalamışdır. Belə ki, 22 fevral 1998-ci il tarixdə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalandı. Fərmanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə Elmi Tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunmuşdur.

Bundan əlavə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli 832 saylı Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramında İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur. Bu gün bu proqramı təhlil etdikdə görürük ki, orada təsbit olunan demək olar ki, bütün bəndlər icra edilmişdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən islahatların davamı məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə qanunvericilik aktlarına dəyişikliklər edilməsi olmuşdur. Bu istiqamətdə Heydər Əliyev tərəfindən 21 fevral 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılmışdır ki, həmin Komissiyanın beynəlxalq ekspertlərin iştirakı ilə hazırladığı Avropa standartlarına uyğun cinayət Məcəlləsinin, cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, "Prokurorluq haqqında", "Vəkillik haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", eləcə də "Notariat haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin seçkiləri haqqında" və digər Qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemimiz köklü şəkildə yeniləşdi və müasirləşdi.

Həmçinin ölkəmizdə üçpilləli məhkəmə hakimiyyəti bərqərar olundu. Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu ilə seçiminə başlanıldı. Bu baxımdan "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və digər qanunların  qəbulu  mühüm əhəmiyyətə malikdir.

Tətbiqinə 1993-cü ildən moratorium qoyulan ölüm cəzasının 1998-ci ildə tamamilə ləğv edilməsi isə bütövlükdə Şərqdə ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevirilməklə, Azərbaycanın beynəlxalq nüfuzunu daha da  yüksəltmişdir.

İctimai münasibətlərin bütün sahələrini tənzimləyən yüzlərlə qanunların, həmçinin bir çox məcəllələrin qəbul edilməsi dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlətin demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasını yaratmış, insan hüquq və azadlıqlarının müdafiəsinə real təminat vermişdir. Bu illərdə respublikamız dünya ölkələri sırasında layiqli yerini tutmuş, BMT, Avropa Şurası və digər universal və regional beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən yüzlərlə beynəlxalq müqaviləyə qoşularaq dünya və Avropa hüquq məkanına uğurla inteqrasiya etmişdir.

2001-ci ilin 25 yanvarında Azərbayjan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul edilmiş, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin  təmin olunmasına təkan vermişdir.

24 dekabr 2002-ci il tarixdə insan hüquqlarının təmini sahəsində mühüm qanunvericilik aktı -«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırmaq məqsədilə qəbul edilmişdir.

Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 28 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

Həmin Plan insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, beynəlxalq səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmiş, bununla da davamlı, köklü islahatların ardıcıl, mütəşəkkil proseslərin bünövrəsi qoyulmuşdur.

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilmişdir.

Zaman dəyişdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirmişdir.

Odur ki, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli Sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Konsepsiya demokratik prinsiplər gözlənilməklə açıq müzakirəyə verilmiş və yekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmişdir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmışdır.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin etmişdir. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan vermişdir. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Son olaraq qeyd edim ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi hüquqi islahatların daha sistemli həyata keçirilməsi və vətəndaşların hüquqi biliklərinin artırılması məqsədini daşıyır. Bu təşəbbüs hüquqi təhsil və maarifləndirməni gücləndirməklə vətəndaşların konstitusiya hüquqları ilə bağlı məlumatlılığını artırır. Hüquqi maarifləndirmə cəmiyyətin hüquqi şüurunun formalaşmasında mühüm rol oynayır. Konstitusiya dəyərlərinin təbliği hüquq dövlətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirlər hüquqi biliklərin genişlənməsinə və qanunun aliliyinin möhkəmləndirilməsinə xidmət edir. "Konstitusiya və Suverenlik İli"nin elan edilməsi gələcək hüquqi islahatların planlaşdırılması və həyata keçirilməsi üçün mühüm zəmin yaradır. Dövlət suverenliyinin qorunması və hüquq sisteminin modernləşdirilməsi Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalmalıdır.

Rəmzi Həsənov
Sədərək rayon prokurorunun köməkçisi

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM