Martın 5-də Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən NTV-yə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
