satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın maarifçi qadınlarından - pedaqoq Qəribsoltan Məlikova

Azərbaycanın maarifçi qadınlarından - pedaqoq Qəribsoltan Məlikova

Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il iyunun 11-də Zərdabda anadan olub. O, Tiflisdə rus-qız gimnaziyasını bitirib, sonra anası Hənifə xanımın direktoru olduğu nümunəvi qız məktəbində təhsilinə davam edib. Qəribsoltan xanım atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra pedoqoji fəaliyyətə başlayıb. Anası Hənifə xanım qızı Qəribsoltanın 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedoqoji Şurasında bütün sınaqlardan keçib, xalq məktəblərinin müəllimi adına layiq görülməsinə görə fəxr duyub. Təbii ki, bu ad sadəcə demokratik düşüncə tərzinə malik valideynlərin nailiyyəti deyil, eyni zamanda, bütün azərbaycanlı qadınların irəliləyişi, onların oxumaq və başqalarını da öyrətmək imtiyazlarının təsdiqi olub.

Qəribsoltan xanım 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs deyib, sonra 1920-ci ilədək Rus-Tatar qız gimnaziyasında fəaliyyətinə davam edib.

Atasının “burjua jurnalisti”, “qəzet sahibkarı” adlandırılması, “Əkinçi” qəzetinin “zərərli ideyalar” yayıcısı kimi ittiham olunub yasaq edilməsi, ailə üzvlərinin repressiyaya uğraması səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək orada yaşayıb və bir müddət Şəmkirdə müəllim işləyib. Sonra Zərdaba köçüb müəllim işləyən Qəribsoltan xanım ailə həyatı qurmayıb. Əmisi qızı Nanə xanımın vəfatından sonra görkəmli bəstəkar Rauf Hacıyevi və bacısı Adiləni himayəsinə alaraq təlim-tərbiyələri ilə məşğul olub. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbində də dərs deyərək, onlara analıq qayğısı göstərib.

Qəribsoltan xanım atası Həsən bəylə, anası Hənifə xanımla birgə keçirdiyi illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günləri tarixi yaddaşlarda qalması üçün onları qələmə alıb. O, “Atam haqqında xatirələrim”də yazıb: “Atam qonaq qəbul etməyi çox sevirdi... Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi. Bir dəfə anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı. Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi… Atam yalnız, səhər bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.

1937-ci il repressiyası ilə ailəsi parçalanan Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Topçubaşova Fransada mühacirətdə vətən həsrəti ilə yaşayıb, 1947-ci ildə orada dünyasını dəyişib. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilən Cümhuriyyət tələbələrindən biri olub. Bakıda, Gəncədə yaşayıb. O, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda aparılan quruculuq işlərinin qurbanı olub, ermənilərin donosu və üzə durması ilə 1937-ci ildə güllələnib və 1990-ci ildə bəraət alıb. Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşayıb, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinib. Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qəribsoltan xanım qalıb. Həmin ildə Bakı–Salyan şosse yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək xəbərinə görə ailənin tək üzvü olan Qəribsoltan xanım Həsən bəyin dəfnindən 50 il keçdikdən sonra, yaranmış mövcud vəziyyətə görə bu dahi insanın uyuduğu məzarın yerini mütləq dəyişməli olub. O, anası Hənifə xanımın Bakı şəhərindəki məzarında atasını dəfn edib.

Həsən bəyin vəfatının 50 ili ərəfəsində dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırıb. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanovun da dəstəyi ilə yubiley komissiyası təşkil olunub. Layihə üzrə qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxıb, bu zaman Qəribsoltan xanıma müraciət ediblər. Bundan sonra Hənifə xanımın məzarı açılıb və Həsən bəyin qutuya yığılan sümükləri qəbirdən çıxarılaraq 1957-ci ildə, üçüncü dəfə Fəxri xiyabanda dəfn olunub.

Ömrünün sonuna kimi maarifçi yolundan dönməyən Qəribsoltan xanım 1956-cı ilə qədər müəllim işləyib. Onun bu qüsursuz pedaqoji fəaliyyəti yüksək qiymətləndirilərək “Əməkdar müəllim” fəxri adına və “Lenin ordeni”nə layiq görülüb.

Bütün həyatını xalqının maariflənməsinə həsr edən Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakıda vəfat edib.

Ölkəmizi müstəqilliyə çağıran və bunu ancaq milli maarifçiliyin inkşafında görən Məlikovlar ailəsini və doğum günündə yad etdiyimiz Azərbaycanın maarif xadimi Qəribsoltan xanımın əziz xatirələrini böyük ehtiramla yad edirik.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM