satellite   Azerspace-1: 11135 H 30000

Yaxın gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyi gözlənilmir

Yaxın gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyi gözlənilmir

ABŞ ilə Rusiya arasında danışıqların başlanmasına və ABŞ-nin Rusiyaya dünya bazarına dizel yanacağı ixracına tətbiq olunan sanksiyaları dayandırmasına baxmayaraq, bu gün dünya bazarında neftin qiymətində artım müşahidə edilib.

NTV xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,26 dollar artaraq 111,1 dollar olub. Nyu-York birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 1,8 dollar artaraq 98,95 dollar təşkil edib. Tərkibində kükürdün az olması ilə əlaqədar yüksək keyfiyyətli və bahalı hesab edilən Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti də 0,02 faiz artaraq 119,7 dollara çatıb.

Qiymət artımının yeni mərhələsinin başlanmasına səbəb ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlar keçirməyə hazırlaşmasıdır. “The New York Times” qəzetinin yazdığına görə, yeni əməliyyatların keçirilməsi məsələsi ABŞ-nin müdafiə naziri Pit Heqsetlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında müzakirə olunub və bununla bağlı razılıq əldə edilib. Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi bazalarında hazırlıq işləri aparılır, İraq üzərindən hərbi təyyarələrin uçuşlarının intensivliyi artır. Razılaşmaya əsasən, noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər başa çatdıqdan sonra İranın enerji, nüvə və digər iqtisadi infrastrukturlarına zərbələr endiriləcək.

Şübhəsiz ki, İran da bu zərbələrə cavab verəcək. Bu halda hədəflər yenə də ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin ərazilərində yerləşən hərbi bazalar, eləcə də Körfəzdə və Hörmüz boğazında hərəkət edən gəmilər olacaq. Hərbi əməliyyatların dünya enerji bazarına təchizatı pozacağı şübhə doğurmur. Bazarın tələb və təklif prinsiplərinə əsaslanaraq demək olar ki, noyabrın 3-dən sonra təklifin azalması gözlənilir. Bu isə bazarın tələbatının ödənilməsini çətinləşdirəcək və qiymətlərin artmasına səbəb olacaq.

Bu xəbərlər neft emalı zavodlarını (NEZ) hərəkətə gətirib. Asiya və Avropa ölkələrindəki NEZ-lər qiymətlərin kəskin bahalaşması ehtimalını və qarşıdan gələn qış mövsümünü nəzərə alaraq böyük həcmdə neft almağa çalışacaqlar.

ABŞ-nin energetika naziri Kris Raytın “Fox News” telekanalında Fars körfəzindən neft təchizatının 80 faiz bərpa olunduğunu bəyan etməsinə baxmayaraq, qiymətlər yenə də artıb. Məsələ ondadır ki, neftlə yanaşı, Yaxın Şərqdən mayeləşdirilmiş təbii qazın ixracı da məhdudlaşıb. İstilik sistemlərinin və elektrik enerjisi istehsal edən generatorların işlədilməsi üçün istifadə olunan maye qazın qıtlığı bəzi ölkələri mazutdan və digər neft məhsullarından istifadəyə məcbur edib. Bu da neftə tələbatı artırıb.

Hələlik geosiyasi amillərin təsiri ilə neftin qiymətində artım davam edir. Yaxın gələcəkdə qiymətlərin aşağı düşəcəyi gözlənilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM