2026-cı ilin 9 ayında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində dövlət müəssisələrinin büdcə və maliyyə göstəriciləri üzrə hesabatlılığının təmin edilməsi, eləcə də bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.
Maliyyə Nazirliyindən NTV-yə bildirilib ki, carı ilin 9 ayında altsistemdə 1113 müəssisə qeydiyyatdan keçib, 3298 aylıq və 11 min 434 rüblük hesabat təqdim olunub.
Hesabat dövründə altsistem vasitəsilə 2026-cı il üçün 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üçün 885 dividend proqnozu hesabatı, eləcə də növbəti il üçün 1529 büdcə proqnozu hesabatı təqdim edilib.
Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.
