Hal-hazırda 2025-ci il üzrə Muxtar Respublikada sertifikasiya prosesinin növbəti mərhələsi başlayıb və ayın 18-dən 25-dək iş günlərində bu sertifikasiya prosesi baş tutacaq. Qeyd edim ki, sertifikasiya prosesi ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun aparılır və hal-hazırda ölkəmizin hər bir bölgəsində təşkil olunmuş, eyni məzmunda olan bu prosesə Muxtar Respublika da qoşulub. Burada 350-yə yaxın müəllim bu il sertifikasiya prosesinə cəlb edilib.
NTV xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müəllimlərin sertifikasiya prosesi zamanı jurnalistlərə müsahibəsində bildirib.
O, qeyd edib ki, sertifikasiya prosesinin ilk günündə 60-a yaxın müxtəlif fənlər üzrə müəllimlər sertifikasiyaya cəlb olunub. Bilirsiniz ki, imtahan müddəti 120 dəqiqədir, 60 sualdan ibarət olan və hər bir sual da bir baldan qiymətləndirilən prosesdir. Ümumi imtahan prosesində 30 baldan yuxarı bal toplayan müəllimlər müsahibə mərhələsinə cəlb edilir. 30-50 bal aralığında toplayan və müsahibədə uğur qazanan müəllimlərimiz 10 faiz əməkhaqqı, eyni zamanda 51 və 61 aralığında toplayanlar da müsahibə mərhələsində uğur qazanarsa, analoji olaraq 35 faiz əməkhaqqı artımı ilə təmin olunurlar. Ümumilikdə, sertifikasiya prosesi bir neçə istiqamətdədir: müəllim yönümlü, məktəb yönümlü və təhsil-tədris yönümlü. Burada qeyd edilən əməkhaqqı ilə bağlı sosial vəziyyətin yaxşılaşması əsas proaktiv istiqamətlərdəndirsə, eyni zamanda burada məktəb müəllimlərinin savadlılıq və peşəkarlıq imkanlarının ölçülməsidir. Nəhayətində, bu, məktəblərimizdə müəllimlərimizin bilik və bacarıqlarının daha yaxşı ölçülməsi və məktəbə, təhsilə faydalı olmağı baxımından əhəmiyyətlidir. Ümumi proses tam şəffaf şəkildə təşkil olunub. Sertifikasiya prosesinin ilk günündə infotur təşkil etdik. Hökumət nümayəndələri, ictimai şəxslər, eyni zamanda mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatlarının əməkdaşları proseslə tanış oldu. Proses eyni imkanlarda, hər kəs üçün eyni şəkildə təşkil olunub və bərabər imkanlar yaradılıb. İmtahan prosesi elektron daşıyıcılarla təşkil olunub. Hər bir namizəd imtahan müddəti bitəndən sonra yekun balını proqram təminatı üzərindən görə bilir və inanırıq ki, yaradılmış bu şərait və müəllimlərimizi dəstəklədiyimiz bu imkanlar sayəsində yüksək nəticələr olacaq. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən, analoji olaraq, Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun sertifikasiya prosesinə cəlb olunmuş müəllimlərə təqdim etdiyi bütün resursları biz də təmin etmişik. Bura daxildir: video resurslar, proqram təminatı, sınaq imtahanının keçirilməsi və sair. Bütün bu imkanlardan müəllimlərimiz faydalana biliblər. İnanırıq ki, Naxçıvan Muxtar Respublikasında 350-yə yaxın müəllim sertifikasiya prosesində iştirak edəcək və uğur qazanacaqlar.
Nazir qeyd edib ki, onların hər biri sertifikatlaşdırılmış müəllim olmaqla, məktəblərimizdə, şagirdlərimizin qarşısında öz peşəkarlıqlarını layiqincə icra edəcəklər.
