satellite   Azerspace-1: 11135 H 30000

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Butanda Şintaphu yüksək dağlıq buzlaq gölünün təbii bəndinin yarılması nəticəsində qəfil daşqın baş verib. Hadisə Mo-Çxu çayı vadisindəki infrastruktura ziyan vurub. Qonşu Hindistanda isə Sanqoş çayında suyun səviyyəsinin yüksələcəyi gözlənildiyindən, Qərbi Benqal və Assam ştatlarında sel təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

NTV  “Reuters” agentliyinə istinadla xəbər verir ki, gölün bəndi oktyabrın 29-da axşam saatlarında Butanın şimalındakı Qasa rayonunda yarılıb. Su axınları Qasa-Tşaçxu isti su mənbələrinin yaxınlığındakı tikililərə və Laya kəndinə aparan yolun bir hissəsinə ziyan vurub. Həmçinin iki müvəqqəti körpünün dağıldığı barədə məlumat daxil olub. Əhalinin əvvəlcədən təxliyə edilməsi sayəsində ölən və xəsarət alan olmayıb.

Göldən çıxan su Mo-Çxu və Punatsanq-Çxu çayları sistemi boyunca aşağıya doğru hərəkət edib. Bu çaylar Hindistan ərazisində Sanqoş adlanır. Hindistanın Su Ehtiyatları Nazirliyi Qərbi Benqal ştatının Alipurduar və Assam ştatının Dhubri rayonlarının yerli hakimiyyət orqanlarına suyun səviyyəsinin kəskin yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

“The New Indian Express” nəşrinin məlumatına görə, çay yaxınlığında yerləşən yaşayış məntəqələrində qabaqlayıcı təxliyə tədbirləri həyata keçirilir. Yerli hakimiyyət orqanları səsgücləndiricilər vasitəsilə əhaliyə xəbərdarlıq edir, sakinləri çayın aşağı hissələrində və sahilyanı ərazilərdə yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırır.

Hindistan hakimiyyətinin ilkin hesablamalarına görə, göldəki təbii bəndin yarılması nəticəsində təxminən 7,4 milyon kubmetr su axıb. Hindistanın Milli Fəlakətlərə Reaksiya Qüvvələrinin xilasetmə bölmələri və regional xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Oktyabrın 30-u səhər saatlarında Dhubri rayonunda Sanqoş çayında suyun səviyyəsi sabit qalıb. Bununla belə, hidroloji vəziyyətin monitorinqi və daşqının mümkün inkişafına qarşı fövqəladə xidmətlərin hazırlığı davam etdirilir.

Buzlaq göllərinin bəndlərinin yarılması Himalay dağlarının dağətəyi əraziləri üçün ciddi təhlükə yaradır. Təbii moren bəndi dağıldıqda böyük həcmdə su qısa müddət ərzində dar çay vadiləri boyunca aşağıya doğru axır, özü ilə daşları və dağ süxurlarının qırıntılarını aparır. Belə daşqınlar geniş ərazilərə yayıla, çaylar boyunca yerləşən yaşayış məntəqələri və infrastruktura təhlükə yarada bilər.

Şintaphu gölü əvvəllər Butanın potensial təhlükəli buzlaq gölləri siyahısına daxil edilib. Ölkədə bu cür su hövzələrinə müntəzəm nəzarət olunur və Punatsanq-Çxu çayı hövzəsində erkən xəbərdarlıq sistemi fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM