Artıq 4-cü aydır ki, dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsinə əsas səbəb Yaxın Şərqdə gərginliyin davam etməsi və qlobal bazara neft tədarükünün zəifləməsidir.
NTV xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 116 dollara, Nyu-York birjasında isə “Light” neftinin qiyməti 103 dollara çatıb.
Geosiyasi məkanda baş verən hadisələr artıq birbaşa neft bazarına təsir göstərir. Ötən gün husilər Səudiyyə Ərəbistanının neft sənayesi infrastrukturuna raket zərbələri endiriblər. Hücumların Rabiq şəhərində yerləşən neft emalı zavodunu, “Saudi Aramco” şirkətinə məxsus Abkayk neft emalı müəssisəsini və digər obyektləri əhatə etdiyi bildirilir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin rəsmi Tehrana ünvanladığı məktub da cavabsız qalıb. İran tərəfi ABŞ-nin əldə olunmuş razılaşmalara əməl etmədiyini bildirərək danışıqların davam etdirilməsini məqsədəuyğun hesab etmir. Bununla yanaşı, Tehran Hörmüz boğazında yaranmış vəziyyətin və dünya bazarında neft qiymətlərinin yüksəlməsinin yaratdığı imkanlardan istifadə etməyə çalışır. İran bu yolla ABŞ və Avropaya təzyiq göstərməklə regiondakı mövqelərini qorumağa çalışır.
Neftin qiymətindəki artım artıq ABŞ və Avropada da ciddi siyasi və iqtisadi müzakirə mövzusuna çevrilib. Enerji daşıyıcılarının bahalaşması Avropa ölkələrində sosial-iqtisadi problemləri dərinləşdirir. Dünən İtaliya və Almaniyada qiymət artımına və həyat səviyyəsinin aşağı düşməsinə etiraz olaraq genişmiqyaslı aksiyaların keçirildiyi bildirilir. Fransada baş verən hadisələr də Avropa liderlərini narahat edir. Onlar sosial gərginliyin daha da artmasının və xaosun yaranmasının qarşısını almağa çalışırlar.
Neft tədarükündəki problemlər fonunda enerji qiymətlərinin aşağı salınması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması çətinləşir. Vətəndaşların gəlirlərinin əhəmiyyətli hissəsi elektrik enerjisi və təbii qaz xərclərinə yönəlir. ABŞ-də də hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Bununla belə, hələlik bu aksiyalarda Avropadakı nümayişlərdə olduğu kimi geniş siyasi tələblər irəli sürülmür.
Son bir həftə ərzində Hörmüz boğazında 5 gəminin minaya düşməsi dəniz nəqliyyatı üçün təhlükənin hələ də yüksək olduğunu göstərir. Bu vəziyyət dünya enerji bazarına neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.
Vəziyyətin gərginliyi o həddə çatıb ki, “ExxonMobil” və “Chevron” kimi iri neft şirkətlərinin rəhbərləri gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək dünyanın ən nüfuzlu neft sərgilərindən biri hesab olunan tədbirdə iştirakdan imtina ediblər.
Oktyabr ayının nəticələrinə görə, “Brent” markalı neft 11 faiz, “Light” markalı neft isə 14 faiz bahalaşıb. Mövcud geosiyasi və iqtisadi vəziyyət qiymət artımının davam edə biləcəyini göstərir.
