“Amazon” şirkəti 2027-ci ilin əvvəlində Böyük Britaniyada “Amazon Autos” onlayn avtomobil satış platformasını istifadəyə verməyi planlaşdırır.
NTV “Reuters”ə istinadən xəbər verir ki, bununla da xidmət ilk dəfə ABŞ bazarından kənarda fəaliyyət göstərəcək.
Platformanın ilk tərəfdaşlarından biri “Hyundai” şirkəti olacaq. Şirkət yeni və işlənmiş elektrik, hibrid və benzin mühərrikli avtomobillərini, o cümlədən IONIQ 3, IONIQ 5, KONA və i20 modellərini satışa çıxaracaq.
Böyük Britaniyanın avtomobil dilerləri qrupu “Vertu Motors” da platformada işlənmiş avtomobillərini təqdim edəcək. “Amazon” yaxın aylarda digər avtomobil markaları və dilerlərlə əməkdaşlıq barədə də məlumat verəcəyini açıqlayıb.
Beləliklə “Amazon.co.uk” vasitəsilə müştərilər avtomobillərin modelləri və qiymətləri ilə tanış ola, əvvəlcədən avtomobili rezerv edə, mövcud nəqliyyat vasitələrinin təxmini dəyərini öyrənə və maliyyələşdirmə şərtlərini nəzərdən keçirə biləcəklər. Bununla belə, alqı-satqı prosesi birbaşa diler mərkəzində tamamlanacaq. Avtomobillərin satış qiymətlərini isə dilerlər özləri müəyyən edəcəklər.
“Amazon Autos International” bölməsinin direktoru Mett Nuffort bildirib ki, avtomobil almaq insanların ən böyük xərclərindən biridir və şirkət bu prosesi “Amazon” platformasında digər məhsulların onlayn alışında olduğu kimi sadə və şəffaf etməyi hədəfləyir.
“Amazon Autos” xidməti ABŞ-də 2024-cü ilin dekabrında fəaliyyətə başlayıb. Şirkətin məlumatına görə, platforma hazırda ölkənin 150-dən çox şəhərində əlçatandır.
