satellite   Azerspace-1: 11135 H 30000

“Anthropic” tarixdə ən böyük ilkin kütləvi səhm təklifini həyata keçirib

“Anthropic” tarixdə ən böyük ilkin kütləvi səhm təklifini həyata keçirib

Süni intellekt şirkəti “Anthropic” 81,3 milyard dollarlıq ilkin kütləvi səhm təklifi (IPO) ilə “SpaceX” şirkətini geridə qoyaraq tarixdə ən böyük IPO-ya imza atıb.

NTV xəbər verir ki, səhmləri hər biri 83 dollardan təklif edilən şirkətin bazar dəyəri təxminən 1,5 trilyon dollara çatıb. Bundan əlavə, 26 milyard dollarlıq özəl yerləşdirmə nəticəsində IPO və özəl yerləşdirmə vasitəsilə cəlb olunan ümumi vəsait 107,3 milyard dollar təşkil edib.

“Anthropic”in 81,3 milyard dollarlıq IPO-su “SpaceX”in iyun ayında həyata keçirdiyi 75 milyard dollarlıq səhm təklifini üstələyərək indiyədək qeydə alınmış ən böyük IPO olub.

“Anthropic”in səhmlərinin təklif qiyməti əvvəlcədən müəyyənləşdirilmiş 70-78 dollarlıq diapazonu aşaraq 83 dollar səviyyəsində müəyyən edilib. IPO çərçivəsində şirkət 956,4 milyon, yeddi təsisçi isə 23,6 milyon səhm satıb. Beləliklə, ümumilikdə 980 milyon səhm investorlara təklif olunub. Səhm opsionları və məhdudlaşdırılmış səhmlər də nəzərə alınmaqla, şirkətin tam durulaşdırılmış əsasda bazar dəyəri təxminən 1,5 trilyon dollar hesablanıb.

IPO ilə yanaşı, “Alphabet” şirkətinin “Google” bölməsi, “Advanced Micro Devices” və “Microsoft”un iştirakı ilə 26 milyard dollarlıq özəl yerləşdirmə də həyata keçirilib. Bununla da “Anthropic” və onun təsisçilərinin IPO və özəl yerləşdirmə vasitəsilə cəlb etdikləri ümumi vəsait 107,3 milyard dollara çatıb.

“Claude” süni intellekt modelinin yaradıcısı olan “Anthropic” həmçinin birjada səhmlərini yerləşdirən ilk böyük qabaqcıl süni intellekt laboratoriyası kimi diqqət çəkib. Şirkətin IPO-su investorların süni intellekt sektorunun inkişaf perspektivlərinə marağının davam etdiyini nümayiş etdirir. Bununla yanaşı, bu addım sektorda şirkətlərin bazar dəyərinin qiymətləndirilməsi və yüksək xərclərlə bağlı müzakirələrin intensivləşdiyi dövrə təsadüf edib.

“Anthropic”in IPO-su qlobal maliyyə bazarlarında süni intellekt sahəsinə investisiyaların istiqamətinin dəyişdiyi mühüm mərhələ kimi qiymətləndirilir. Belə ki, investorların marağı təkcə çip istehsalçıları və infrastruktur təminatçıları ilə məhdudlaşmır, “Claude” kimi süni intellekt platformalarını inkişaf etdirən şirkətləri də əhatə edir.

Bu platformaların biznes, elm, dövlət idarəçiliyi və səhiyyə sahələrində tətbiq dairəsinin genişlənməsi investorların gələcək artımla bağlı gözləntilərini gücləndirir. Bununla belə, IPO süni intellekt şirkətlərinin səhmlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqların və infrastruktur xərclərinin artmasının bazara təzyiq göstərdiyi bir dövrdə baş tutub. Süni intellekt modellərinin hazırlanması və istismarı üçün tələb olunan böyük maliyyə vəsaiti sektorun uzunmüddətli perspektivdə gəlirliliyinə dair müzakirələri də aktuallaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM