satellite   Azerspace-1: 11135 H 30000

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

Hər il noyabr ayının üçüncü cümə axşamı bir sıra Qərb ölkələrində Beynəlxalq Tütünçəkmədən İmtina Günü qeyd olunur.

NTV-nin məlumatına görə, bu gün 1977-ci ildə Amerika Xərçəng Cəmiyyəti tərəfindən təsis edilib. Tütün epidemiyası insanların sağlamlığı üçün ən ciddi təhlükələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ağciyər xərçəngindən baş verən ölümlərin 90 faizi, xroniki bronxitdən ölümlərin 75 faizi, ürəyin işemik xəstəliyindən ölümlərin isə 25 faizi siqaretçəkmə ilə əlaqədardır. Tütün istifadəsi onun istifadəçilərinin təxminən yarısının həyatına son qoyur. Hər il dünyada tütünlə əlaqəli səbəblərdən 8 milyondan çox insan vəfat edir. Onlardan 1,3 milyondan çoxu tütün tüstüsünün passiv təsirinə məruz qalan, siqaret çəkməyən şəxslərdir. Dünyada uşaqların təxminən yarısı ictimai yerlərdə mütəmadi olaraq tütün tüstüsünün təsirinə məruz qalır. Hər il 65 min uşaq passiv siqaretçəkmə ilə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir.

Beynəlxalq Tütünçəkmədən İmtina Gününün əsas məqsədi tütün asılılığının yayılmasını azaltmaq, əhalinin müxtəlif təbəqələrini və səhiyyə işçilərini siqaretçəkməyə qarşı mübarizəyə cəlb etmək, profilaktik tədbirləri gücləndirmək, eləcə də tütün istifadəsinin sağlamlığa mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Aparılan sorğunun nəticələrinə görə, iştirakçıların 47 faizi siqaretçəkməni zərərli vərdiş, 38 faizi asılılıq, 9 faizi isə sağalmaz xəstəlik hesab edib. Respondentlərin 6 faizi bu barədə konkret mövqe bildirməyib. Sorğu iştirakçılarının 12 faizi siqareti tərgitməyin asan, 56 faizi çətin, 4 faizi isə mümkünsüz olduğunu bildirib. Respondentlərin 28 faizi isə bu barədə düşünmədiyini qeyd edib. Sorğuda iştirak edənlərin 21 faizi siqareti tərgitməyə cəhd göstərsə də, əsasən uğursuzluqla üzləşib. İştirakçıların yalnız 30 faizi siqaretdən imtina ilə bağlı yardım mərkəzlərinin mövcudluğundan xəbərdardır. Respondentlərin 70 faizi isə belə mərkəzlər barədə məlumata malik olmadığını bildirib.

ÜST ekspertləri xatırladırlar ki, tütünün bütün istifadə formaları sağlamlıq üçün zərərlidir və onun təhlükəsiz dozası yoxdur. Elmi araşdırmalar elektron siqaretlərin və qəlyanın da insan sağlamlığına ciddi zərər vurduğunu göstərir.

Beynəlxalq Tütünçəkmədən İmtina Günü münasibətilə bir çox ölkədə fəallar və səhiyyə müəssisələrinin nümayəndələri tərəfindən maarifləndirici, xeyriyyə və digər tədbirlər təşkil olunur. Bu tədbirlərin əsas məqsədi əhalini nikotinin zərərləri, tütün asılılığının fəsadları və siqaretdən imtinanın yolları barədə məlumatlandırmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM