Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" fondunun və "Qazaxıstan Dəmir Yolları" şirkətinin rəhbərlərinin saxlanılması ilə əlaqədar daxili işlər naziri Yerjan Sadenova xidməti töhmət verib.
NTV xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, dövlət başçısı Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edərkən korrupsiya işi üzrə təqsirləndirilən şəxslərin saxlanılmasını da nəzərə alıb.
"Prezidentin fikrincə, hüquq-mühafizə orqanları tərəfindən nöqsanlara yol verilib. Bununla əlaqədar daxili işlər naziri Yerjan Sadenova da xidməti töhmət verilib", - Smadiyarov yazıb.
O izah edib ki, Saqimbayevin vəzifədən azad edilməsi onun başqa işə keçməsi, eləcə də xüsusi xidmət orqanında islahatların uğurla həyata keçirilməsi üçün rəhbər kadrların rotasiyası zərurəti ilə bağlıdır.
"Ümumilikdə, "Samruk-Kazına" fondunun və "Qazaxıstan Dəmir Yolları" şirkətinin rəhbərlərinin işinin korrupsiya mahiyyəti şübhə doğurmur. Bu, istintaq zamanı fiqurantların əməlləri ilə təsdiqlənib", - mətbuat katibi qeyd edib.
Onun sözlərinə görə, Tokayev aparılan istintaqdan əvvəldən xəbərdar olub və onun korrupsiyaya qarşı mübarizə ilə bağlı mövqeyi dəyişməz və qəti olaraq qalır. Elə həmin gün dövlət başçısı Daxili İşlər Nazirliyinin komanda heyəti ilə işgüzar müşavirə keçirib.
"Nazir Yerjan Sadenova polisin sıravi və zabit heyəti arasında tərbiyəvi işin gücləndirilməsinin zəruriliyi barədə göstəriş verilib", - Smadiyarov əlavə edib.
Xatırladaq ki, noyabrın 11-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları "Samruk-Kazına" fondunun idarə heyətinin sədri Nurlan Jakupovu və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyevi saxlayıblar. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, onlar və digər saxlanılan şəxslər korrupsiyada şübhəli bilinirlər. Bununla belə, ehtimal olunan cinayətin konkret halları, o cümlədən mümkün sxem və fiqurantların hər birinin rolu rəsmi olaraq açıqlanmır.
