Fransanın Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət sektorunda əməkhaqlarının artırılması tələbləri hökumət tərəfindən təmin edilmədiyi üçün noyabrın 17-də keçiriləcək tətil və etiraz aksiyalarına qoşulacağını açıqlayıb.
NTV xəbər verir ki, bu haqda CFDT-nin dövlət qulluğu üzrə baş katibi Lor Revel “Franceinfo”ya bildirib. Qeyd edib ki, həmkarlar ittifaqları əvvəlcə hökumətlə danışıqlar aparmağa üstünlük versələr də, irəli sürdükləri tələblər nəticəsiz qalıb.
Baş nazir Sebastyən Lökornü dövlət qulluqçularının həmkarlar ittifaqları ilə görüşdə aşağı əməkhaqlarının artırılması məsələsi üzrə bir aylıq müzakirələrə başlanacağını elan edib. Lakin həmkarlar ittifaqları bu tədbirlərin mövcud vəziyyətin təcili ehtiyaclarına cavab vermədiyini bildiriblər.
Lor Revelin sözlərinə görə, 2017-ci ildən bəri inflyasiya dövlət qulluqçularının əməkhaqqı hesablanmasında istifadə olunan indeksin artımını 3-4 dəfə üstələyib və nəticədə bütün kateqoriyalardan olan işçilərin alıcılıq qabiliyyəti azalıb.
CFDT nümayəndəsi dövlət xidmətlərinin cəlbediciliyinin də zəiflədiyini vurğulayıb. Onun sözlərinə görə, qarşıdakı on il ərzində iki milyon dövlət qulluqçusu pensiyaya çıxacaq. O, prezident seçkilərinə hazırlaşan namizədləri dövlət xidmətlərinin gələcəyi və əməkdaşların sosial vəziyyəti ilə bağlı konkret mövqe ortaya qoymağa çağırıb.
