Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) işini davam etdirir. Konfransın ikinci həftəsinə təsadüf edən səkkizinci günün əsas mövzusu elm, sənaye və texnologiyadır.
NTV xəbər verir ki, bu gün çərçivəsində iqlim dəyişmələri ilə mübarizədə elmi yanaşmaların, innovativ texnologiyaların və yaşıl sənayeləşmənin rolu müzakirə olunur. Rəqəmsallaşma, süni intellekt, aşağıkarbonlu istehsal və kiçik və orta sahibkarlığın yaşıl transformasiyada iştirakı diqqət mərkəzindədir.
Günün proqramında dayanıqlı soyutma sistemləri və istilik risklərinə davamlılıq, metan emissiyalarının azaldılması, təmiz texnologiyaların inkişafı və iqlim maliyyələşdirilməsi ilə bağlı tədbirlər də yer alıb.
COP31 çərçivəsində, həmçinin iqlim siyasətinin həyata keçirilməsi, maliyyə imkanlarının genişləndirilməsi və ölkələrin qarşıya qoyulan hədəflərə nail olması istiqamətində danışıqlar aparılır.
Qeyd edək ki, Antalyada keçirilən COP31 çərçivəsində tullantıların idarə olunması və təkrar emalı istiqamətində “Sıfır Tullantı” sistemi tətbiq edilir.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin məlumatına əsasən, konfransın Mavi və Yaşıl zonalarında ilk beş gün ərzində təxminən 100 ton qatı tullantı toplanıb. Onların 80 faizi təkrar emala, 20 faizi isə müvafiq utilizasiya müəssisələrinə yönəldilib.
Ərazidə tullantıların çeşidlənməsi üçün 600 xüsusi konteyner yerləşdirilib. Buradakı yeməkxanalardan toplanan işlənmiş yağlar biodizel yanacağa çevrilərək ərazidəki generatorlarda istifadə olunur. Üzvi tərkibli tullantılar isə kompost gübrəyə və sahibsiz heyvanlar üçün yemə çevrilir. İlk beş gündə bu üsulla 1,5 ton üzvi tərkibli tullantı əldə edilib.
Konfransa noyabrın 20-də yekun vurulacaq.
