2023-cü ildə İsveçi bürüyən böyük zorakılıq dalğasında əsas rol oynayan “Dalen” cinayətkar qruplaşmasının təsiri xeyli zəifləyib.
NTV-nin məlumatına görə, beynəlxalq polis əməliyyatlarından sonra qrupun rəhbərliyinin əhəmiyyətli bir hissəsi həbs edilib.
“Dalen” qruplaşması Stokholmun cənubundakı eyni adlı rayonda yaradılıb və təxminən on il narkotik ticarəti ilə məşğul olub. 2022-ci ilin sonlarında bu qruplaşma və onun rəqibi “Foxtrot şəbəkəsi arasında narkotik bazarına nəzarət uğrunda mübarizə İsveçdə bir sıra qətllərə, atışmalara və partlayışlara səbəb olub.
Son illərdə Meksika, Bolqarıstan, Rumıniya, İspaniya və Yunanıstanda “Dalen”in yüksək mövqeyə malik üzvləri həbs olunub. Onların arasında qrupun lideri olduğu iddia edilən, hazırda Stokholmda həbsdə olan və “Yunan” ləqəbi ilə tanınan Mikael Alström Tenezos da var.
Ən əhəmiyyətli hadisələrdən biri polisin zorakılığın əsas təşkilatçılarından biri və qrupun qatili hesab etdiyi 26 yaşlı İldar Qaliyevin ittiham aktı olub. O, qətl, sui-qəsd cəhdi və partlayışların təşkili də daxil olmaqla 25-dən çox cinayət törətməkdə şübhəli bilinir.
Qaliyev 2024-cü ilin iyununda Yunanıstanda həbs edilib və bu ilin fevral ayında İsveçə ekstradisiya edilib. İstintaq işinin qovluğu təxminən 30 min səhifədən ibarətdir. Prokurorun sözlərinə görə, bu, İsveçdə indiyə qədər tək bir şəxsə qarşı irəli sürülən ən böyük ittihamlardan biri ola bilər. Məhkəmə prosesi noyabrın 3-də başlayacaq və gələn il mart ayının sonuna qədər davam etməsi gözlənilir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətlərdə hər hansı iştirakını rədd edir.
Hüquq-mühafizə orqanları xəbərdarlıq edir ki, mütəşəkkil cinayətkarlıq üzərində tam qələbədən danışmaq hələ tezdir. Zorakılığın azalmasına baxmayaraq, narkotiklərin qanunsuz dövriyyəsi davam edir və dəstənin bəzi keçmiş üzvləri hələ də azadlıqdadırlar.
