Macarıstanın “Paks II” atom elektrik stansiyasının tikintisi layihəsini dayandırması ölkəyə milyardlarla avroya başa gələ bilər.
NTV xəbər verir ki, bu barədə “Daily News Hungary” nəşri məlumat yayıb.
Macarıstanın nüvə enerjisi üzrə eksperti Zsolt Harfaş bildirib ki, Rusiyanın “Rosatom” şirkəti ilə müqavilənin ləğvi ciddi maliyyə nəticələrinə səbəb ola bilər. Onun sözlərinə görə, mümkün təzminat tələblərinə layihələndirmə və hazırlıq işləri, artıq ödənilmiş vəsaitlər, çatdırılmış avadanlıqlar, habelə gözlənilən mənfəət daxil ola bilər.
Dəyəri 10 milyard avrodan çox olan layihə mövcud atom elektrik stansiyasına iki yeni reaktor blokunun əlavə edilməsini nəzərdə tutur.
Ekspert Finlandiyada Rusiyanın iştirakı ilə həyata keçirilməsi planlaşdırılan oxşar nüvə layihəsinin dayandırılmasını xatırladaraq Macarıstanın həmin təcrübəni nəzərə almasının vacibliyini vurğulayıb.
Onun fikrincə, layihənin reallaşdırılması ölkənin elektrik enerjisi idxalından asılılığını azalda, gələcəkdə isə elektrik enerjisinin ixrac imkanlarını genişləndirə bilər.
Macarıstan hökumətinin layihənin gələcəyi ilə bağlı qərarını 2026-cı ilin sonunadək açıqlaması gözlənilir.
