BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, mövcud tendensiyalar davam edərsə, əsrin sonunadək Yer Kürəsində qlobal istiləşmə sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,8 dərəcəyə çata bilər.
NTV xəbər verir ki, hesabatda beynəlxalq səviyyədə razılaşdırılmış 1,5 dərəcəlik həddin artıq növbəti onillikdə aşılması ehtimalının yüksək olduğu bildirilir. Bu hədəfin aşılmasını mümkün qədər aşağı səviyyədə saxlanmasını nəzərdə tutan ssenariyə görə, qlobal istiləşmənin maksimum həddi əsrin ortalarında 1,7-1,8 dərəcə təşkil edə bilər. Ssenarinin reallaşması üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilədək 18 faiz, 2035-ci ilədək isə 45 faiz azaldılmalıdır. Bununla yanaşı, əsr ərzində atmosferdən karbon qazının çıxarılması tədbirləri də genişləndirilməlidir.
Bununla belə, builki proqnoz ötənilki hesabatla müqayisədə müəyyən yaxşılaşma göstərir. Dövlətlər milli iqlim planlarında götürdükləri bütün öhdəlikləri yerinə yetirsələr, əsrin sonunadək istiləşmə 2,3-2,5 dərəcə səviyyəsində qala bilər. Ötən il bu ssenari üzrə 2,6-2,8 dərəcə istiləşmə proqnozlaşdırılırdı. UNEP yaxşılaşmanın 0,1 dərəcəlik hissəsinin hesablama metodundakı dəyişikliklərlə bağlı olduğunu qeyd edir. ABŞ-nin Paris İqlim Sazişindən çıxması isə proqnoza mənfi təsir göstərir.
Bərpaolunan enerji sahəsində irəliləyişlər və iqlim siyasəti müxtəlif ölkə və sektorlarda emissiyaların real azalmasına imkan verib. Lakin qlobal istiləşməni məhdudlaşdırmaq hədəflərinə çatmaq üçün bu səylər dünya miqyasında əhəmiyyətli dərəcədə genişləndirilməlidir.
BMT-nin Baş katibi Antonio Quterreş əldə olunan irəliləyişi müsbət, lakin yetərsiz adlandırıb və mövcud planların dünyanı hələ də “iqlim fəlakəti” istiqamətinə apardığını vurğulayıb.
2024-cü il müşahidələr tarixində ən isti il olub və qlobal temperatur artımı həmin il 1,5 dərəcə həddini keçib. Bununla belə, Paris sazişindəki hədəfin rəsmi olaraq aşılması uzunmüddətli orta göstərici əsasında müəyyən edilir. Hesabatın müəllifləri emissiyaların sürətlə azaldılmasının həddin aşılmasını gecikdirə biləcəyini, lakin bunun qarşısını tamamilə almağın artıq çətin olduğunu bildirirlər. Ümidverici məqam isə odur ki, Paris Sazişinin qəbulundan sonra istiləşmə proqnozunun 3-3,5 dərəcədən aşağı düşməsidir.
Elvin Mövsüm
