Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət əlaqələrinin inkişafında getdikcə daha vacib rol oynayır. Bu marşrutun inkişaf etdirilməsi təkcə yükdaşıma potensialının genişləndirilməsi baxımından deyil, həm də regional iqtisadi əlaqələrin gücləndirilməsi və yeni bazarlara çıxış üçün vacibdir.
NTV xəbər verir ki, Dünya Bankının son hesabatına görə, zəruri infrastruktur investisiyaları və islahatları ilə dəhliz boyunca yükdaşımalarının həcmi üç dəfədən çox, çatdırılma müddətləri isə iki dəfə azaldıla bilər. Bu prosesin marşrut boyunca yerləşən doqquz ölkənin ümumi daxili məhsulunu 3,3 faiz artıracağı və 2040-cı ilə qədər 2 milyon əlavə iş yeri yaradacağı gözlənilir.
Lakin bu potensialın reallaşdırılması üçün əhəmiyyətli investisiya və infrastrukturun hərtərəfli inkişafı tələb olunur. Hesabatda təxmin edilir ki, 2040-cı ilə qədər dəmir yollarının, limanların və avtomobil yollarının inkişafına 25 milyard dollardan çox, eləcə də logistika mərkəzlərinin, daxili terminalların, dəmir yolu heyətinin və rəqəmsal sistemlərin inkişafına təxminən 30 milyard dollar sərmayə qoyulmalıdır.
Ceymstoun Fondunun “Aİ Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən infrastrukturu dəstəkləyir” adlı analitik məqaləsində qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanla əlaqə tərəfdaşlığı təklif edib, Naxçıvan dəmir yolu və Bakı Limanı da daxil olmaqla mümkün layihələrlə yanaşı, Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayrılacağını açıqlayıb. “TITR siyasi ambisiyadan daha inteqrasiya olunmuş nəqliyyat sisteminə doğru irəliləyir. Özbəkistanda Avropanın dəstəklədiyi modernləşmə, Qazaxıstanda Almaniyanın rəhbərlik etdiyi logistika investisiyaları və Avropa İttifaqının Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönəlmiş gündəliyi Mərkəzi Asiya – Xəzər – Cənubi Qafqaz əlaqəsini gücləndirir. Növbəti mərhələ koordinasiyanın dərinləşdirilməsi və bu layihələrin Mərkəzi Asiya ilə Avropa arasında getdikcə daha fasiləsiz işləyən bir dəhliz halında birləşdirilməsi olacaq”, -deyə yazıda vurğulanır.
“Berliner Zeitung” qəzetində dərc olunmuş nəqliyyat və logistika strategiyasına həsr olunmuş analitik məqalədə isə Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birləşdirən nəqliyyat marşrutlarının inkişafına marağı vurğulanır.
Məqalədə qeyd edilir ki, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi üçün investisiya cəlb etməyi hədəfləyir. 2025-ci ilin aprel ayında keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində region üçün əlavə 12 milyard avro investisiya elan edildi ki, bunun 3 milyard avrosu Orta Dəhliz üçün ayrılıb.
Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) məlumatına görə, Avropa və beynəlxalq maliyyə institutları tərəfindən 2024-2025-ci illərdə Mərkəzi Asiyada davamlı nəqliyyat və əlaqəli infrastrukturun inkişafı üçün vəd edilmiş vəsaitin məbləği 22 milyard avroya çatıb.
Bu göstəricilər Avropa İttifaqının regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə və təchizat marşrutlarının şaxələndirilməsinə marağını əks etdirir. Elan edilmiş investisiya fondlarının praktik tətbiqi, onların konkret layihələrə ayrılması və nəqliyyat infrastrukturunun səmərəliliyinin artırılması xüsusilə vacibdir.
Xəzər dənizində, yollarda və digər nəqliyyat şəbəkələrində tutumun artırılması da zəruridir. Etibarlı tərəfdaşlar Avropa sənayesini və biznesini strateji xammalla təmin etmək üçün vacibdir.
Ekspertlər qeyd edirlər ki, Orta Dəhliz Avropaya alternativ nəqliyyat marşrutu və strateji xammal tədarükünün şaxələndirilməsi vasitəsi təklif etsə də, buna nail olmaq üçün infrastrukturun inkişafı ilə yanaşı, gömrük prosedurlarını sadələşdirmək və ölkələr arasında əməkdaşlığı gücləndirmək lazımdır. Yalnız bundan sonra Orta Dəhliz investisiya cəlb edən, ticarət həcmini artıran və yeni iş yerləri yaradan strateji iqtisadi amilə çevriləcək.
