Alimlər telekommunikasiya, elektrik şəbəkələri və peyk naviqasiya sistemlərində genişmiqyaslı texniki fasilələrin qarşısını almaq “uzun saniyə” adlanan meyarı “uzun saat” ilə əvəz etməyi düşünürlər. Bununla bağlı səsvermənin bu həftə, çərşənbə axşamından cümə axşamına qədər keçirilməsi planlaşdırılır.
NTV xəbər verir ki, 1972-ci ildən bəri ümumdünya vaxtına ümumilikdə 27 saniyə əlavə olunub. Sonuncu düzəliş 2016-cı ildə edilib. Bu, Yer kürəsinin qeyri-bərabər fırlanması ilə əlaqədardır, ona görə də Koordinasiyalı Ümumdünya Saatı (UTC) astronomik vaxta uyğun olaraq vaxtaşırı korrektə olunmalıdır.
Lakin son illərdə Yer kürəsi daha sürətlə fırlanmağa başlayıb və tezliklə tarixdə ilk dəfə olaraq bir saniyə əlavə etmək əvəzinə onu çıxmaq lazım gələ bilər. Belə bir prosedur əvvəllər heç vaxt həyata keçirilməyib və mütəxəssislər bunun ciddi texnoloji uğursuzluğa səbəb ola biləcəyindən ehtiyat edirlər. m
Bu cür risklərin qarşısını almaq üçün alimlər vaxtın fərdi saniyələrlə tənzimlənməsindən imtina etməyi, atom və astronomik vaxt arasında yaranmış fərqin yalnız bir saata və ya 3600 saniyəyə çatdıqdan sonra kompensasiya ediləcəyi bir sistemə keçməyi təklif edirlər. İlkin hesablamalara görə, buna təxminən min il lazım ola bilər.
Beləliklə, vaxtı tam bir saat tənzimləməklə bağlı potensial texniki problemlər uzaq gələcəyə qədər təxirə salınacaq. Lakin bu cür dəyişikliklərdən tamamilə imtina etmək mümkün deyil. Əks təqdirdə, bir neçə min ildən sonra saatlar günün ortasında gecə yarısını göstərə bilər.
2035-ci ilə qədər “uzun saniyələrin” əlavə edilməsi praktikasının ləğvi qərarı artıq verilib. Lakin alimlər “uzun saat”ın da tətbiq olunacağına şübhə edirlər, çünki min ildən sonra Yer kürəsində həyat tamamilə fərqli olacaq.
Hazırda bir saniyənin müddəti sezium-133-ə əsaslanan atom saatları istifadə edilərək müəyyənləşdirilir. 1967-ci ildən bəri bir saniyə sezium-133 atomunun 9.192.631.770 rəqsetmə dövrünə uyğun gəlir. Məhz atom saatlarının yüksək dəqiqliyi və Yer kürəsinin qeyri-bərabər fırlanması atom və astronomik vaxtın dövri olaraq uyğunlaşdırılmasını zəruri edir.
