satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri Sudanın müharibədən zərər çəkmiş bir sıra bölgələrində aclıq təhlükəsinin artdığını bildiriblər. Onların sözlərinə görə, “El Nino” təbiət hadisəsinin yaratdığı quraqlıq onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir.

NTV xəbər verir ki, bu ilin may ayında dərc olunmuş İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Mərhələlərinin Təsnifatı (IPC) üzrə təhlilə əsasən, aclıq riski ilə üzləşən əksər ərazilərdə vəziyyət ciddi narahatlıq doğurur. Yeni məlumatlar digər bölgələrdə də kəskin qida çatışmazlığının və qidalanma pozuntularının artdığını göstərir.

BMT-nin ekspertlər deyiblər ki, vəziyyətin fəlakətli həddə çatmasına dair əlamətlər artsa da, maliyyə çatışmazlığı, təhlükəsizlik problemləri, xüsusilə Kordofan bölgəsində humanitar yardıma çıxışın məhdudlaşdırılması müdaxilə imkanlarını getdikcə zəiflədir.

Cənubi Darfurda aparılan araşdırmalar, xüsusilə məcburi köçkünlər arasında vəziyyətin daha da ağırlaşdığını üzə çıxarıb.

Şimali Darfurda isə yağışların gecikməsi kənd təsərrüfatına ciddi zərər vurub. Nəticədə bir çox köçkün fermer istehsal etdiyi ərzaqla dolanmaq əvəzinə, qida ehtiyaclarını ödəmək üçün bazarlardan asılı vəziyyətə düşüb.

IPC-nin məlumatına görə, Şimali Darfurda ərzaq ehtiyatları kritik səviyyəyə enib. Ərzağın qiymətinin artması da təchizat çatışmazlığının dərinləşdiyini göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bəyanatında səhiyyə xidmətlərinin son dərəcə məhdud olduğunu, bir çox ərazidə, ümumiyyətlə, əlçatan olmadığını bildirib. İçməli su qıtlığının da artması əhalini xəstəliklər və ölüm riski qarşısında daha çox müdafiəsiz edir.

BMT-nin ekspertləri və ÜST Sudanda döyüşlərin dayandırılmasına, humanitar yardımın artırılmasına və ölkəyə uzunmüddətli maliyyə dəstəyinin ayrılmasına çağırıblar.

Xatırladaq ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma 2023-cü ilin aprelindən davam edir. Müharibə ölkədə humanitar böhranı dərinləşdirərək milyonlarla insanın ərzaq, içməli su və tibbi yardıma çıxışını çətinləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM