Çin İranın nüvə məsələsinin diplomatiya yolu ilə siyasi həllinə çağırış edib.
NTV xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley Yaxın Şərqdə təkrarlanan hərbi toqquşmaların region ölkələrinin xalqları üçün böyük itkilərə səbəb olduğunu, eyni zamanda, bu münaqişələrin təsirlərinin genişlənməsinin beynəlxalq birliyin ümumi maraqlarına zərbə vurduğunu deyib. BMT Təhlükəsizlik Şurasının məsələyə dair iclası üzrə keçirilən brifinqdə çıxış edən Çin diplomatı qeyd edib ki, maraqlı tərəflər güc tətbiqindən və ya güc tətbiqi təhdidindən imtina etməli, ABŞ-İran anlaşma memorandumunun icrasını mümkün qədər tez bərpa etməli və İranın nüvə məsələsini yenidən siyasi və diplomatik həll müstəvisinə qaytarmalıdırlar.
"ABŞ yenidən güc tətbiq etməyəcəyinə dair aydın öhdəlik götürməli, İranla səmimi danışıqlar aparmalı və gələcək hər hansı sazişin effektiv icrasını təmin etməlidir", - deyə Çin diplomatı bildirib.
O əlavə edib ki, Çin ABŞ və İranın fikir ayrılıqlarını rasional və praqmatik danışıqlar yolu ilə düzgün həll etməsini, İranın dinc nüvə fəaliyyətini nizamlı şəkildə həyata keçirməsini dəstəkləyir.
Sun Ley qeyd edib ki, Çin həmişə sülhün və dialoqun tərəfində olub. Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin bütün tərəflərlə əməkdaşlığı davam etdirəcək.
