Böyük Britaniyada bu payızın yağıntılı və fırtınalı keçəcəyi proqnozlaşdırılır.
NTV xəbər verir ki, buna son yüz ilin ən güclüsü ola biləcəyi bildirilən “El-Nino” iqlim hadisəsinin səbəb olacağı gözlənilir. Böyük Britaniyanın Meteorologiya Xidmətinin (Met Office) məlumatına görə, okean sularında müşahidə olunan görünməmiş istiləşmə oktyabr-dekabr aylarında ölkədə güclü yağışlara səbəb ola bilər.
“El-Nino” Sakit okeanın tropik hissəsində suyun səth temperaturunun yüksəlməsi ilə əlaqəli təbii iqlim hadisəsidir və qlobal temperatur göstəricilərinə təsir edir. Proqnozlara əsasən, yaxın aylarda dəniz səthində temperatur normadan 3 dərəcədən çox yüksək ola bilər. Met Office bunun 19-cu əsrdən bəri qeydə alınan ən güclü “El-Nino” hadisəsinə çevrilə biləcəyini bildirib.
“Met Office”in uzunmüddətli proqnozlaşdırma üzrə rəhbəri professor Adam Skeyf noyabr ayında Böyük Britaniyada havanın orta hesabla mülayim, yağıntılı və fırtınalı olacağını bildirib. Onun sözlərinə görə, “El-Nino”nun pik həddə çatması qışın əvvəllərinə təsadüf edəcək.
