Uqandada Ebola virusuna yoluxmuş sonuncu xəstə sağalaraq xəstəxanadan evə buraxılıb. Bununla da ölkədə yeni yoluxma halları qeydə alınmayacağı təqdirdə, epidemiyanın başa çatdığının elan olunması üçün 42 günlük gerisayım başlayıb.
NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, səhiyyə naziri Kris Baryomunsi sonuncu xəstənin artıq virusu ötürmə riski daşımadığını bildirib. O, cəmiyyəti sağalan şəxsin normal həyata qayıtmasına dəstək verməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Uqandadakı nümayəndəsi Kasonde Mvinqa ölkənin operativ hazırlığı sayəsində epidemiyanın nəzarət altına alındığını qeyd edib.
Qeyd edək ki, ÜST-nin qaydalarına əsasən, son təsdiqlənmiş xəstənin virusu ötürə bilmədiyi tarixdən etibarən 42 gün ərzində yeni yoluxma halı qeydə alınmasa, Ebola epidemiyası rəsmi olaraq başa çatmış elan edilir.
