Çinin Hançjou şəhərində məhkəmə işəgötürənin funksiyalarını süni intellektlə əvəz etməyi planlaşdırdığı işçinin işdən çıxarılmasını qanunsuz hesab edib.
NTV xəbər verir ki, blu barədə “Bloomberg” agentliyi xəbər verir.
QA-mütəxəssis Çjou 2022-ci ildən Çjetszyan əyalətində texnologiya şirkətində işləyib. Böyük dil modellərinin cavablarının düzgünlüyünün yoxlanılması və arzuolunmaz kontentin filtrasiyası onun vəzifələrinə daxil olub. Daha sonra işəgötürən bu proseslərin qismən avtomatlaşdırılması barədə qərar qəbul edib və işçiyə vəzifəsinin aşağı salınmasını və əməkhaqqının ayda 25 min yuandan 15 min yuana endirilməsini təklif edib.
Yeni şərtləri qəbul etməkdən imtina etdikdən sonra şirkət restrukturizasiyanı əsas gətirərək müqaviləyə xitam verib və 311,7 min yuan məbləğində kompensasiya təklif edib. İşçi qərardan məhkəməyə şikayət edib və əlavə ödənişin verilməsinə nail olub. İşəgötürənin hökmü apellyasiya qaydasında mübahisələndirmək cəhdi nəticəsiz qalıb, belə ki, məhkəmə biznesin maliyyə vəziyyətinin pisləşməsi və ya işdən çıxarma üçün digər obyektiv səbəblər müəyyən etməyib.
Məhkəmənin qərarı süni intellektin fəal tətbiqi fonunda məşğulluq məsələlərinə tənzimləyicilərin artan diqqətini əks etdirir. 2025-ci ilin yekunlarına görə Çində süni intellekt bazarının həcmi 1,2 trilyon yuana çatıb və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı isə 6,2 mini ötüb.
Bu sahə üzrə qurumların nümayəndələri, o cümlədən Çin Xalq Respublikasının Sənaye və İnformatizasiya Nazirliyi yanında Komitə əmək bazarında struktur dəyişikliklərinin qaçılmaz olduğunu bildirirlər. Bununla yanaşı, biznesə avtomatlaşdırma tətbiq edilərkən ədalətli kompensasiyaların təmin edilməsi və əməkdaşlara alternativ vəzifələrin təklif olunması tövsiyə edilir.
