Amerika Birləşmiş Ştatlarının (ABŞ) ordusu Almaniyanın Bavariya əyalətinin Vilsek şəhərindəki “Stryker” briqadasının 5 min hərbçisini çıxarmağı planlaşdırır.
NTV Almaniya mediasına istinadla xəbər verir ki, bu hərbi birlik Qrafenvoehr təlim bazasının hərbi təlim poliqonunda xidmət aparır. Hərbçilər çıxarılsa da, baza bağlanmayacaq və azı 8 min əsgər burada qalacaq.
Vilsek şəhərinin meri qoşunların çıxarılmasının yerli icma üçün iqtisadi baxımdan ciddi zərbə ola biləcəyini qeyd edib.
Xatırladaq ki, ABŞ-nin Prezidenti Donald Trump Almaniya Kansleri Fridrix Mertsin Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatları ilə bağlı tənqidi açıqlamalarına cavab olaraq Almaniyadan 5 mindən çox hərbçinin çıxarılacağını bəyan edib. Eyni zamanda, Almaniyada “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi planının da dayandırılması ehtimal olunur.
Hazırda Almaniyada ABŞ-nin bir neçə böyük hərbi bazası var. Bu bazalarda ümumilikdə 40 minə yaxın əsgər yerləşdirilib.
