Afrikada aclıq səviyyəsi ardıcıl səkkizinci ildir ki, artır. Təcili və əlaqələndirilmiş maliyyə tədbirləri görülməzsə, vəziyyət daha da pisləşəcək.
NTV xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası (ECA), Ümumdünya Ərzaq Proqramı (WFP) və Afrika Birliyi Komissiyasının yeni birgə hesabatında bildirilir.
Müəlliflərin fikrincə, Afrikada təxminən 306 milyon aclıq çəkən insan var. Bu, qlobal əhalinin 45 faizindən çoxdur. Daha 892 milyon insan orta və ya ağır ərzaq çatışmazlığı ilə üzləşir. Əsas səbəblər münaqişələr, iqlim şokları, iqtisadi tənəzzül və artan bərabərsizlikdir.
Afrikada sağlam qidalanmanın gündəlik orta qiyməti 4,41 dollara çatıb ki, bu da 2023-cü il səviyyəsindən 5,5 faiz yüksəkdir. Bu, adambaşına düşən beynəlxalq ifrat yoxsulluq həddini gündəlik olaraq 2,15 dollardan xeyli üstələyir. Nəticədə qitə əhalisinin 67 faizi 2024-cü ildə normal qida ala bilməyib ki, bu da qlobal səviyyədən iki dəfədən çoxdur (təxminən 32 faiz).
Afrikada beş yaşdan kiçik uşaqların 30 faizindən çoxu xroniki qidalanma çatışmazlığından əziyyət çəkir. Bu nisbət tədricən azalsa da, hələ yüksək olaraq qalır.
Hesabatda mövcud investisiyalar ilə kənd təsərrüfatı və qida sistemlərinin dəyişdirilməsi üçün faktiki ehtiyaclar arasında əhəmiyyətli bir fərq vurğulanır. Afrikada kənd təsərrüfatına dövlət xərcləri 2018-ci ildən bəri artsa da, bu, aclığın aradan qaldırılması məqsədlərinə çatmaq üçün kifayət deyil.
Beynəlxalq yardımlarda artım çox azdır və bu vəsaitlərin 27 faizindən az hissəsi ərzaq təhlükəsizliyi və qidalanmaya yönəldilir.
Özəl investisiyalar olduqca aşağı səviyyədədir. Kənd təsərrüfatına bank kreditləri ümumi kreditlərin 4 faizdən də azını təşkil edir və sektora xarici birbaşa investisiyalar çox vaxt ildə 2 milyard dolları keçmir. Kiçik və orta müəssisələr (KOBİ) maliyyələşdirilmir. KOBİ mikromaliyyələşdirməyə uyğun olmaq üçün çox böyükdür, lakin bank kreditləri baxımından kifayət qədər əhəmiyyətli deyil.
Sənədin müəllifləri dövlət-özəl tərəfdaşlığının da iştirakı ilə investisiya cəlb etmək üçün daha əlverişli siyasət və institusional mühitin yaradılmasına çağırırlar. Hesabatda, həmçinin inklüziv həllərin əhəmiyyəti vurğulanır və xüsusilə qadınların, gənclərin və kiçik fermerlərin maraqlarına diqqət yetirilir. Qarışıq maliyyələşdirmənin potensialı da diqqətə çatdırılır: 2020-2023-cü illər arasında Afrikada bu sahə üzrə təxminən 3 milyard dollar dəyərində 99 müqavilə imzalanıb. Lakin bu müqavilələrin əksəriyyəti iri şirkətlərə yönəlib, kiçik müəssisələr isə kapital çatışmazlığı ilə üzləşməyə davam edir.
Afrikada iqlim maliyyələşdirməsində də xidmətlər azdır. 2021-2022-ci illərdə bu rəqəm 44 milyard dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə 48 faiz artım deməkdir, lakin tələb olunan illik 250 milyard dollar səviyyəsindən xeyli aşağıdır. Ekspertlər vurğulayırlar ki, iqlim maliyyələşdirməsini qida sisteminin inkişafı ilə əlaqələndirmək dayanıqlılığın artırılmasında əsas amil olacaq.
Hökumətlərə və inkişaf tərəfdaşlarına investisiyaları əlaqələndirmək, davamlı və inklüziv siyasətləri təşviq etmək, kənd təsərrüfatı və qida sistemlərini iqtisadi artımın, sağlamlığın, dayanıqlığın təməli kimi görmək tövsiyə olunur.
