Praqadakı Vaclav Havel adına hava limanı xidmət keyfiyyətinə görə Avropanın ən yaxşı üç hava limanı sırasına daxil olub. Reytinq "Airports Council International" təşkilatının apardığı geniş sorğunun nəticələrinə əsaslanır.
NTV xəbər verir ki, sorğu dünyanın 100-dən çox hava limanında 700 mindən artıq sərnişin arasında keçirilib. Nəticələrə görə, Praqa hava limanı sərnişin xidmətlərinin keyfiyyəti baxımından yüksək qiymət alıb. Sərnişinlər personalın mehribanlığını və kömək etməyə hazır olmasını, terminalların təmizliyini və rahat istirahət zonalarını xüsusilə qeyd ediblər.
Reytinqdə Praqa ilə yanaşı, Helsinki və Qran Kanaria hava limanları da yer alıb.
Bundan əlavə, 2026-cı il iyunun 22–24-də Praqa "Airports Council International" konqresinə ev sahibliyi edəcək. Tədbir çərçivəsində Avropanın ən yaxşı hava limanları mükafatlandırılacaq.
