Oktyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 21 fakt aşkar edilib. Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə ümumi çəkisi 7,2 kiloqram olan narkotik vasitə və 3476 güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 tüfəng və 1 patron darağı aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər də saxlanılıb.
