Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq, bu il keçirilən "Yay Fest" festivalı süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub.
Gənclər Fondundan NTV-yə bildirilib ki, festivalın ilk mərhələsi olan “Rəqəmsal Dövlət” düşərgəsində ölkənin müxtəlif bölgələrindən olan gənclər iştirak ediblər. Onlar gələcəyin texnologiyaları, rəqəmsal bacarıqlar və innovativ düşüncənin formalaşdırılması istiqamətində təşkil olunan zəngin proqram çərçivəsində maariflənib, süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni yanaşmalarla tanış olub, eyni zamanda geniş şəbəkələşmə imkanları əldə ediblər.
Düşərgə çərçivəsində ölkənin aparıcı jurnalistləri, universitet rektorları və süni intellekt mütəxəssislərinin təqdimatında gənclər üçün “Gələcəyin vətəndaşı: Rəqəmsal savadlılıq və Süni İntellekt”, “Rəqəmsal əsrdə tələblər və imkanlar” mövzusunda görüşlər keçirilib. Bununla yanaşı, “Rəqəmsal dövlət: Vətəndaşlara xidmət və texnoloji transformasiya”, “Süni intellekt: Gələcəyin bacarığı”, “Rəqəmsal dünyada media: Yeni çağırışlar və strateji hədəflər” və “Gələcəyin insanı: Bacarıq yoxsa diplom?” adlı interaktiv sessiyalar baş tutub. Bu sessiyalar zamanı gənclər rəqəmsal texnologiyaların müasir cəmiyyətə təsiri, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal dövlət xidmətlərinin inkişaf istiqamətləri, mediada baş verən yeniliklər və gələcəyin peşə bacarıqları barədə geniş məlumat əldə edib, ekspertlərlə birgə müzakirələrdə öz biliklərini zənginləşdiriblər.
Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Yay Fest rəngləri” master-klası, intellektual oyun, idman yarışları, stolüstü oyunlar və haykinq üzrə təlimlər düşərgənin maraq doğuran fəaliyyətləri sırasında yer alıb. Hər günün sonu isə DJ parti, gənclərin fərqli konseptlərdə təqdim etdiyi səhnə performansları və tonqalətrafı səmimi söhbətlərlə yadda qalıb.
Sentyabr ayının 4-dək davam edəcək və 2 mindən çox gəncin iştirak edəcəyi festival çərçivəsində mərhələli şəkildə daha yeddi düşərgə təşkil olunacaq. Bu düşərgələr “Media və Rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və kod”, “Startap və Sahibkarlıq”, eləcə də “AI – İdman və Sağlamlıq” mövzularını əhatə edəcək.
Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər layihəsi sayılan "Yay Fest 2026" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASMAP), "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri yayfest.az veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək və hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
