Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramlarından biri də özünüməşğulluq proqramıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, həmin ərazilərə köçürülmüş 800-dək sakinə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.
Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar. Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.
