Naxçıvan Muxtar Respublikasında taxıl və yonca sahələrində siçanabənzər gəmiricilərin yayılma sıxlığı monitorinq olunur. Sahələrdə aparılan müşahidələr zamanı zərərvericilərin aktivliyi, yuvaların sayı və yayılma dinamikası təhlil edilir.
NTV xəbər verir ki, bu yanaşma vaxtında müdaxilə imkanlarını artırmaqla, məhsul itkisinin qarşısının alınmasında mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, mübarizə tədbirlərinin başlanması üçün əsas meyar iqtisadi zərər həddidir. Taxıl sahələrində hər hektara 100, yonca sahələrində isə 150–200 işlək yuva qeydə alındıqda kimyəvi mübarizə tədbirlərinin aparılması zəruri hesab edilir. Bu göstəricilər payız və erkən yaz aylarında nisbətən aşağı olsa da, temperaturun yüksəlməsi ilə gəmiricilərin fəallığı artır və onların sürətlə çoxalması müşahidə olunur. Əgər bir gəmirici cütlüyünə qarşı mübarizə aparılmazsa, bir il ərzində təxminən 8-9 nəsil verməklə saylarını 3 minə qədər artıra bilirlər.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, payız-qış mövsümü ərzində ümumilikdə yonca və taxıl sahələrində 50 hektara yaxın ərazidə kimyəvi mübarizə tədbirləri aparılıb. Monitorinqlərin nəticələrindən aydın olur ki, əsasən Kəngərli bölgəsində daha çox populyasiyanın sıxlığı müşahidə olunur. Taxıl və yonca sahələrinin yanaşı olması populyasiyanın sıxlığını daha da artırır. İqtisadi ziyanvericilik həddini keçdikdə kimyəvi mübarizə tədbirləri aparılır. “Siçanabənzər gəmiricilər yüksək çoxalma potensialına malikdir. Aparılan hesablamalara əsasən, 1 hektar taxıl sahəsində koloniya sayı 1000-ə çatdıqda məhsul itkisi 60–70 faizə qədər düşə bilər. Bu isə həm fermer təsərrüfatlarına iqtisadi zərər vurur, həm də ümumi məhsuldarlığa mənfi təsir göstərir. Zərərvericilərlə mübarizə çərçivəsində işlək yuvalar müəyyən edildikdən sonra preparatlar birbaşa həmin yuvaların daxilinə yerləşdirilir və üzəri torpaqla örtülür. Bu üsul preparatın təsir effektivliyini artırmaqla yanaşı, onun digər canlılar tərəfindən qəbul edilməsinin qarşısını alır və ətraf mühit üçün mümkün riskləri minimuma endirir”, - deyə nazirliyin məlumatında bildirilib.
