Əfqanıstan və Pakistan Çinin Urumçi şəhərində keçirilən sülh danışıqları zamanı münaqişənin hərtərəfli həllini araşdırmaq barədə razılığa gəliblər.
NTV "Reuters" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Ninq mətbuat üçün gündəlik brifınqdə məlumat verib.
Onun sözlərinə görə, Çindəki görüşlərdə hər iki ölkə vəziyyətin gərginləşməsinə və ya mürəkkəbləşməsinə səbəb ola biləcək addımlar atmamaq barədə razılığa gəlib.
Mao əlavə edib ki, Çin hər iki ölkə ilə əlaqə saxlamağa davam edəcək və dialoq üçün platforma təqdim edəcək.
Qeyd edək ki, aprelin 1-də Əfqanıstan və Pakistan Çinin vasitəçiliyi ilə sərhəddə gərginliyin azaldılması üçün danışıqlara başlayıb. Danışıqlar Urumçidə əfqan tərəfinin təşəbbüsü ilə üç ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Çin etimadın möhkəmləndirilməsi və vəziyyətin gərginliyinin azaldılması istiqamətində addım kimi tərəflər arasında ticarətin bərpasını dəstəkləyib.
