BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı baş verən insidentlərdən narahatlığını ifadə edərək, dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa və hüquq-mühafizə orqanlarının qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb.
NTV xəbər verir ki, Ali Komissarlığın sözçüsü Şabia Mantunun cümə günü Cenevrədə keçirdiyi mətbuat brifinqində bildirdiyinə görə, nümayişlərin dinc xarakter daşıması təmin edilməli və vətəndaşların dinc toplaşmaq hüququ qorunmalıdır.
BMT-yə müraciət edən İnsan Hüquqları Liqası (LDH) isə məktəblilərə qarşı “misli görünməmiş repressiya” tətbiq olunduğunu iddia edib. Təşkilat polis müdaxilələrini və yetkinlik yaşına çatmayanların saxlanılmasını tənqid edərək, sərbəst toplaşmaq və ifadə azadlıqlarının təhlükə altında olduğunu bildirib.
Sentyabrın 21-dən başlayan etirazlar əsasən təhsil şəraiti ilə bağlıdır. Şagirdlər müəllimlərin sayının artırılmasını, siniflərdə şagird sıxlığının azaldılmasını və məktəb binalarının müasir tələblərə uyğunlaşdırılmasını tələb edirlər. Aksiyalar və məktəblərin girişlərinin bağlanması polis müdaxilələri ətrafında gərginliyə səbəb olub.
Fransanın daxili işlər naziri Loran Nunez isə polis repressiyası barədə danışmağı “həddindən artıq” hesab edib. O bildirib ki, şagirdlər dinc aksiya keçirdikdə polis müdaxilə etmir və etiraz hərəkatı qısa müddətdə ciddi zorakılıq halları ilə müşayiət olunmağa başlayıb.
Beləliklə, Fransada şagird etirazları fonunda təhlükəsizliyin təmin edilməsi ilə fundamental hüquq və azadlıqların qorunması məsələsi yenidən gündəmə gəlib.
