Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
NTV xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəd gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 5.3-cü bəndində dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə dövlət orqanlarının kadr tələbatının təmin edilməsi məqsədilə rotasiyanın tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Strategiyanın həyata keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında da müvafiq normativ mexanizmin yaradılması nəzərdə tutulub.
Rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha geniş istifadə olunmasına, müxtəlif struktur və ərazi bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinə, peşəkar səriştələrin inkişafına və idarəetmə təcrübəsinin vahidləşdirilməsinə xidmət edən kadr idarəçiliyi mexanizmidir. Bu yanaşma beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə edilməsi üzrə yanaşmalarına da uyğundur. Gömrük orqanlarının çoxşaxəli funksiyaları və ərazi strukturlarının müxtəlif iş təcrübəsi rotasiyanın tətbiqini kadr potensialının inkişafı baxımından məqsədəuyğun edir.
Layihə ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada verilir, başqa işə keçirilmənin əsasları sistemləşdirilir və rotasiya ayrıca hüquqi əsas kimi müəyyən edilir. Yuxarı vəzifəyə, habelə ailə vəziyyətinə görə keçirilmədə vəzifəli şəxsin razılığı tələbi saxlanılır, digər hallarda yerdəyişmə isə qanunla müəyyən edilən müvafiq əsaslara uyğun həyata keçirilir.
Təklif edilən 53-1-ci maddə rotasiyanın keçirilməsi qaydasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur.
