Fransa, Almaniya, İtaliya, Polşa və İsveç hərbi sahədə süni intellekt texnologiyalarının inkişafını və tətbiqini sürətləndirmək məqsədilə Beynəlxalq Müdafiə Süni İntellekt Mərkəzinin yaradılması layihəsinə qoşulub.
NTV xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fransanın Renn şəhərində keçirilən təsis konfransında Almaniya, İtaliya, Polşa və İsveç təşəbbüsə qoşulmaq niyyətlərini rəsmən açıqlayıb. Layihənin eyni məqsədləri bölüşən digər ölkələr üçün də açıq olduğu diqqətə çatdırılıb.
Renn şəhərində yaradılması nəzərdə tutulan mərkəz hərbi əməliyyatlarda süni intellektin tətbiqini sürətləndirməyi, beynəlxalq əməkdaşlığı genişləndirməyi, texnoloji yenilikləri izləməyi və əməliyyat təcrübəsinin paylaşılmasını təmin etməyi hədəfləyir. Təşəbbüs, həmçinin yeni texnologiyaların silahlı qüvvələrin real ehtiyaclarına uyğun inkişaf etdirilməsinə yönəlib.
Təsis konfransında mərkəzin fəaliyyət proqramı, “yol xəritəsi”, Renn şəhərində yerləşdirilməsi və iştirakçı ölkələrin üzvlük şərtləri müzakirə olunub. Növbəti mərhələdə Beynəlxalq Müdafiə Süni İntellekt Mərkəzinin təsis sənədlərinin hazırlanması nəzərdə tutulur.
Mərkəzin 2027-ci ildə tam əməliyyat imkanlarına çatması planlaşdırılır.
