Sosial şəbəkə platformalarının Azərbaycanda məsuliyyətini müəyyən edən qanun hazırlanmalıdır.
NTV xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələr ölkənin rəqəmsal suverenliyini pozur: "Bu platformaların böyük əksəriyyəti özəl şirkətlərdir. Onlar Azərbaycan bazarına daxil olurlar, müxtəlif növ fəaliyyətlərlə məşğul olurlar, informasiya suverenliyimizi pozurlar, milli-ideoloji düşüncəni manipulyasiya edirlər. Bütün bunlar sosial şəbəkə platformalarının vahid qanunla tənzimlənməsini tələb edir ki, onlar bizim rəqəmsal suverenliyimizə təhdid olmasın. Məncə, qanun layihəsi hazırlayıb, ilk növbədə, bu şirkətlərin Azərbaycanda məsuliyyətini müəyyən etməliyik. Hansı hüquqi məsuliyyət daşıyırlar, hansı dezinformasiya, hansı manipulyasiya, hansı ideoloji təxribata görə hansı məhdudiyyətlər tətbiq edilməlidir və tətbiq edilə bilər – bunlar qanunla müəyyənləşdirilməlidir".
"Bu şirkətlər Azərbaycanda böyük gəlirlər əldə edirlər və bunun vergiyə cəlb olunması məsələsi qanunla tənzimlənməlidir. Yəni rəqəmsal suverenliyimiz pozulduğu vaxt biz də bəzi Avropa ölkələrində olduğu kimi, məsələn, hər hansı bir sosial şəbəkə platformasına qarşı iddia qaldıra bilək ki, bu şirkət maddi məsuliyyətini dərk edərək gələcəkdə belə fəaliyyətlərə yol verməsin", - deyə deputat əlavə edib.
