Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistanın liderlərinin Filippinin paytaxtı Manilada görüşü keçirilir.
NTV Yaponiya mediasına istinadla xəbər verir ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əlaqəli liderlər toplantıları çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Avstraliyanın Baş naziri Entoni Albaniz və Hindistanın Baş naziri Narendra Modi dəniz və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Medianın məlumatına görə, tərəflər Hind-Sakit okean regionunda güc balansı, yarımkeçiricilər, batareyalar və yüksək texnologiyalar üçün vacib olan kritik mineralların təchizatı, süni intellekt, texnoloji təhlükəsizlik və əməkdaşlıq, enerji təhlükəsizliyi kimi məsələləri də nəzərdən keçirəcək. Bu, QUAD-ın 2024-cü ilin sentyabrından bəri liderlərin ilk görüşüdür.
Yaponiya rəsmilərin sözlərinə görə, danışıqlardan sonra yekun sənədin qəbul edilməsi gözlənilir.
Bu görüş ABŞ, Çin və Rusiya arasında tarixdə ilk dəfə keçiriləcək üçtərəfli sammitdən əvvəl baş tutur. Yaponiya narahatdır ki, sövdələşmələrə meylli yanaşması ilə tanınan Donadl Tramp Çinin Hind-Sakit okean regionunda hərbi fəaliyyətini gücləndirdiyi və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal apardığı bir vaxtda Pekin və Moskvaya qarşı güzəştli mövqe tuta bilər. Tokio, həmçinin ehtiyat edir ki, bu ayın əvvəlində ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri – Demokratların Konqresin hər iki palatasına nəzarəti geri qaytarması – Trampın Respublikaçı administrasiyasını Çin, Rusiya və Şimali Koreyaya qarşı siyasətini dəyişərək diplomatik qazanc əldə etməyə sövq edə bilər.
Qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti virtual formatda baş tutub.
