44 günlük Vətən müharibəsində əldə edilən qələbə şəhər və kəndlərin əksər hissəsinin Ermənistanın 30 illik işğalından azad edilməsinə gətirib çıxarıb, dövlətin ərazi bütövlüyünün bərpasına şərait yaradıb.
NTV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar çıxışında bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ən mühüm mərhələsini başa çatdırıb:
"Dövlətimizin suverenliyi tam bərpa olunub, ölkə Konstitusiyasının qüvvəsi onun bütün ərazisində bərqərar edilib.
Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji xəttin təntənəsini təcəssüm etdirib.
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş etmiş Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır".
