Prezident İlham Əliyev Şeyx Zayed adına olan mükafatın onun üçün çox böyük məna daşıdığını söyləyib.
NTV xəbər verir ki, İlham Əliyev bu sözləri sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, ona bu mükafatın verilməsi çox mötəbər bir münsiflər heyəti tərəfindən qərar verilib:
"Mən bilirəm ki, orada seçim prosesi çox dəqiqdir və çox həssasdır, bir çox amillər nəzərə alınır. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu mükafat sülhə atılmış növbəti bir addım idi. Bu, bizim sülh gündəliyimizi dəstəkləyən bir addım idi. Çünki mən bir daha demək istəyirəm, biz indi Ermənistanla sülh şəraitində yaşayırıq. Ancaq bizim ürəyimizdə olan yaralar sağalmayıb. Xalqımızın qəlbində olan o yaralar sağalmayıb və nə vaxt sağalacaq, bunu heç kim bilə bilməz. Qanlı toqquşmalardan, 30 illik işğaldan cəmi iki il keçməmiş sülhə addımlamaq çox böyük həm cəsarət tələb edir, uzaqgörənlik tələb edir və eyni zamanda, bir daha Azərbaycanın sülh gündəliyini nümayiş etdirir. Əlbəttə, müxtəlif yollar seçilə bilərdi və təbii ki, seçim Azərbaycanın idi. Çünki Azərbaycan müharibədə qalib gəlib. Ermənistan tam məğlub edilmişdir, kapitulyasiya aktına imza atmışdır və əlbəttə ki, biz istənilən gündəliyi diktə edə bilərdik".
İlham Əliyev vurğulayıb ki, ancaq Azərbaycan sülh gündəliyini seçib və bu seçimin nə qədər müdrik olmasını bu gün bütün dünya görür:
"Çünki bu qarşıdurma, bu müharibə nə vaxtsa dayanmalı idi və onu biz dayandırmasaq, onu heç kim dayandıra bilməzdi. Biz onu dayandırmasaydıq, bu, elə əbədi davam edəcəkdi, qan töküləcəkdi, şəhidlər veriləcəkdi və ölkəmizin normal inkişafı mümkün olmayacaqdı. Ona görə bax, bu sülh gündəliyini praktiki işlərlə dəstəkləyən məhz Sizin mənə və Ermənistanın Baş nazirinə verdiyiniz mükafat idi. Bəli, bəyanatlar verilmişdir. Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin paraflanmasına, demək olar ki, bütün beynəlxalq birlik dəstək vermişdir, yəni siyasi bəyanatlar verilmişdir. Amma bu mükafat onları daha da gücləndirdi. Əbu-Dabidə sizin təşkil etdiyiniz o təntənəli mərasim, sizin şəxsi münasibətiniz və orada dünya liderlərinin sülh prosesinə dəstək vermələri, əlbəttə ki, bu müsbət meyilləri gücləndirir".
