Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Xüsusi icra məmurları haqqında" Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
NTV xəbər verir ki, qanun layihəsi "Xüsusi icra məmurları haqqında" Qanunun tətbiqinin təmin edilməsi məqsədilə əlaqəli qanunvericilik aktlarının yeni hüquqi tənzimləməyə uyğunlaşdırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, Əmək Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında", "İcra haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "İşsizlikdən sığorta haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliklər edilir.
Dəyişikliklərlə bir sıra qanunlarda "xüsusi icra məmuru" anlayışı əlavə olunur, həmin şəxslərin əmək, sosial müdafiə və məşğulluq münasibətlərində hüquqi statusu müəyyənləşdirilir, habelə onların fəaliyyətinin müxtəlif sahələr üzrə hüquqi tənzimlənməsi təmin edilir.
Bununla yanaşı, "İcra haqqında" Qanunda icra icraatının həyata keçirilməsi ilə bağlı müddəalar dəqiqləşdirilir, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda isə dövlət icra məmurlarının fəaliyyəti ilə bağlı normalar yeni hüquqi mexanizmlərə uyğunlaşdırılır.
Qeyd olunub ki, dəyişikliklər "Xüsusi icra məmurları haqqında" Qanunun səmərəli tətbiqinə, icra fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsinə və əlaqəli qanunvericilik aktlarında vahid hüquqi yanaşmanın təmininə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
